Bakı Mühəndislik Universitetində (BMU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin üzvləri-Nigar Məmmədova, Səbinə Xasayeva, Naqif Həmzəyevlə tələbələrin görüşü keçirilib.
“Konstitusiya və Suverenlik İli: Yeni çağırışlar və müasir Azərbaycan gəncliyi” mövzusuna həsr olunan tədbirdə açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının təkcə dövlətçilik tariximizin öyrənilməsi deyil, həmçinin postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük önəm daşıması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanan və 1995-ci il noyabrın 12-də referendum vasitəsilə qəbul olunan Konstitusiyamız ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.
Vətən müharibəsində əldə olunan tarixi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar edildiyini söyləyən rektor, eləcə də yeni reallıqlar şəraitində gənclərin qarşısında dayanan bir sıra mühüm vəzifələrə toxunub. Eyni zamanda onların milli maraqları daima rəhbər tutacaqlarına, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyəcəklərinə, ölkəmizin beynəlxalq imicinin qorunması və hüquqi dəyərlərimizin təbliğində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə inamını ifadə edib.
Millət vəkili Nigar Məmmədova Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, uğurlu təhsili, elmi fəaliyyətə maraqlı, bütün texnoloji yeniliklərə açıq, yüksək mənəvi keyfiyyətlərə sahib olmasının dövlət gənclər siyasətinin əsasında dayandığını bildirib. Ölkəmizdə könüllülük hərəkatının gəncliyə sosiallaşma, təcrübə, geniş əlaqələr qazandırdığını deyərək, tələbələri bütün fürsətləri dəyərləndirməyə çağırıb. Millət vəkili deyib ki, tələbəlik illərindən yüksək fəallıq, komanda ruhu ilə çalışmaq, elmdə həmrəy olmaq vacibdir və zamanın çağırışlarına cavab vermək gələcək uğurlu karyeranın təməlini təşkil edir.
BMU-nun texniki ixtisaslarında qızları görməyin qürurverici olduğunu bildirən millət vəkili Səbinə Xasayeva xanımların potensialının düzgün qiymətləndirilməsinin cəmiyyətimiz üçün faydalılığını qeyd edib. Bu gün yaxşı mütəxəssis olmaq üçün ali təhsilin kifayət etmədiyini, həmçinin texnoloji bacarıqlar və yeni vərdişlər qazanmağın önəminə diqqət çəkən millət vəkili gəncləri dövrlə ayaqlaşmağa səsləyib.
Millət vəkili Naqif Həmzəyev isə Azərbaycanın son 30 ildə qazandığı uğurlarının qısa xronologiyasını gənclərə anladıb, 1990-cı illərin əvvəllərində gənc nəslin yaşağı məşəqqətlər, böhranlarla müqayisədə onları şanslı adlandırıb. Həmçinin bugünkü Azərbaycanda gəncliyin inkişafı üçün geniş islahatların aparıldığını, karyera layihələrinin, startap yarışlarının, o cümlədən dövlət, qeyri-dövlət sektorunda vəzifə pillələrində yüksəlmək imkanlarının mövcud olduğunu deyərək gənclərə karyeralarına məhz təhsil dövründən başlamağı, planlı olmağı tövsiyə edib.
Sonra tələbələr millət vəkillərinə Konstitusiyamızın tarixi, habelə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, qlobal siyasi məsələlərlə bağlı suallar ünvanlayıblar.
Millət vəkilləri hər bir məsələyə ayrı-ayrılıqda münasibət bildirib, tələbələrdə müəyyən fikir formalaşdırıblar.