Mektebgushesi

Dərc olunub: 01.05.2025

Bəzi nüfuzlu ümumtəhsil müəssisələrinə birinci sinfə qəbul zamanı tətbiq olunan müsabiqə mərhələsi bu ildən etibarən ləğv olunub. Artıq “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinə qəbul yalnız prioritet prinsipi əsasında və sərbəst seçim yolu ilə həyata keçiriləcək.

Mektebgushesi.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, digər altı təhsil müəssisəsi üzrə isə (İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi) müsabiqə mərhələsinin keçirilib-keçirilməməsi müraciətlərin sayından asılı olaraq müəyyən olunacaq.

Qeyd edək ki, birinci sinfə şagird qəbul prosesi 12 sentyabr tarixinədək davam edəcək. Hazırkı mərhələdə artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq sistem üzərindən qeydiyyatdan keçib.