Mektebgushesi

Dərc olunub: 02.05.2025

Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda X Respublika elmi-konfransı öz işinə başlayıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, AzTU-nun rektoru Vilayət Vəliyev iştirakçıları salamlayaraq hər il ənənəvi formada keçirilən konfransa bu il marağın daha da artdığını bildirib. Tədqiqatların yekun nəticəsinin sənayeyə transformasiya edilməsinin vacibliyini qeyd edən rektor müdafiə sənayesi, təhlükəsizlik məsələləri və müxtəlif texnologiya mövzularının ölkə üçün strateji əhəmiyyət daşıdığını və bu sahədə AzTU-nun akademik heyətinin davamlı çalışdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bundan əlavə, AzTU rektoru tədqiqat işləri və elmi məqalələr içində ən yaxşı 50 məqalənin “Scopus”, “Web of Science” kimi nüfuzlu beynəlxalq elmmetrik bazalarda yayımlanmasının və gələcəkdə konfransa xarici tərəfdaşların da cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, bu gün rəqəmsal texnologiyaların inkişafı ölkələrin iqtisadi gücünü əsaslı surətdə artırır. O deyib ki, kadr hazırlığı əslində ölkənin milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. Hazırkı dövrdə müdafiə sənayesinin qüdrətli olması ölkəmiz üçün əsas prioritetlərdəndir.

Elektron Təhlükəsizlik Xidmətinin baş mütəxəssisi Ayxan Hüseynli “Kibertəhlükəsizlik – rəqəmsal dövrün təməl sütunu” mövzusunda elmi məruzəsində dünyada, eləcə də ölkədə dövlət qurumlarına olan müxtəlif kiberhücumlardan bəhs edib. Tədqiqatçının fikrincə, baş verən kibertəhdid hadisələri sadəcə dövlətlərin nüfuzuna ziyan vurmur, həm də real iqtisadi və sosial təhlükələr yaradır. Ölkə üçün strateji məsələ kimi yüksək peşəkar kadr hazırlığı davamlı olmalı və bu sahədə tədqiqat işlərinin sayı artırılmalıdır.

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Rəsul Qocayev “Layfay texnologiyası: arxitekturalar və məlumat ötürülməsi mexanizmləri” mövzusunda  təqdimatla çıxış edib. Rəsul Qocayev gələcəyin texnologiyası sayılacaq “Layfay” (Li-Fi) və hazırda aktual olan “Vayfay” (Wi-Fi) texnologiyaları arasında anologiya apararaq hər birinin üstünlükləri və çatışmayan cəhətləri barədə konfrans iştirakçılarına məlumat verib.

Bu il konfransa AzTU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Naxçıvan Dövlət Universiteti (NDU), Odlar Yurdu Universiteti (OYU), Qərbi Kaspi Universiteti kimi ali təhsil müəssisələrindən ümumilikdə 550-dən çox elmi məqalə göndərilib.

Bölmə iclasları ilə davam edən konfrans işini mayın 2-də yekunlaşdıracaq.