Dərc olunub: 02.05.2025

 

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə infosessiya keçirilib.

Tədbiri giriş sözü ilə LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan   “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə  2025-ci ilin aprel ayından etibarən  “Yaşıl və Rəqəmsal İpək Yolu” Beynəlxalq akselerasiya proqramı fəaliyyətə başlayır və bu gün keçirilən tədbir də proqram barədə tələbələri məlumatlandırmaq məqsədi daşıyır.

İnfosessiyanı  “Enterprise Azerbaijan” portalının rəhbəri dos. İsa Qasımov aparıb. Bildirib ki, proqramın məqsədi yaşıl və rəqəmsal inkişaf sahələrində xidmət və ya  məhsul təklif edən startapların inkişafına dəstək olmaq, regional startap  ekosistemi iştirakçıları arasında daha sıx kommunikasiyanın formalaşdırılması, innovativ ideyaların regional inteqrasiyasını təşviq etmək və bu layihələrə investisiya imkanları yaratmaqdır.

Qeyd edək ki,“Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 3” layihəsi çərçivəsində  təşkil edilən  “Yaşıl və Rəqəmsal İpək Yolu” Beynəlxalq akselerasiya proqramına  startapların qeydiyyatı 01 iyun 2025-ci il tarixinə kimi davam edəcək.

LDU-nun müəllim və tələbə heyətinin iştirak etdiyi infosessiya diskussiya şəklində keçirilib.