Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin müəllimləri üçün “Sinifdən liderliyə: tədrisdə innovativ yanaşmalar” və “Fəal interaktiv təlimin fəlsəfəsi” adlı maarifləndirici təlimlər davam edir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə reallaşdırılan növbəti təlim 279 nömrəli tam orta məktəbdə keçirilib.
İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın katibi Günay Əkbərova tərəfindən keçirilən təlim zamanı təhsilverənlərə innovativ və interaktiv tədris metodları, sinif idarəçiliyi, şagirdlərin motivasiyası, yaradıcı düşüncə və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi və təlim prosesində texnologiyaların rolu barədə geniş məlumat verilib.
Təlim zamanı müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşəkar inkişafına dəstək vermək, şagirdlərdə liderlik bacarıqlarının inkişafı üçün təhsilverənləri müasir metodlarla tanış etməkdən ibarətdir.