Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-nin Miçiqan Dövlət Universitetinin texnologiya və insan öyrənməsi üzrə professoru Duqlas K. Hartman və Türkiyənin Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor Dilek Altun ilə görüş keçirilib. Görüşdə ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, ADPU-CVU ikili diplom proqramının ADPU üzrə proqram direktoru Tofiq Əhmədov, eləcə də Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Gülnar Ələkbərova və Nərgiz Səfərova iştirak ediblər.
Görüşün əsas məqsədi süni intellektin təhsil sahəsində tətbiqi, müasir pedaqoji yanaşmalar və beynəlxalq təcrübə mübadiləsi ilə bağlı elmi-praktik müzakirələrin təşkili, eyni zamanda ADPU-nun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Səfər çərçivəsində professor Dilek Altun və professor Duqlas K. Hartman ADPU-nun müəllim və işçi heyətinə “Məktəbəqədər yaşda süni intellekt savadlılığı, “Gənc şüurlara süni intellektin təqdim edilməsi: erkən uşaqlıq təhsilində süni intellektin əsasları” və “Tədris və öyrənməni gücləndirən süni intellekt ilə təkmilləşdirilmiş peşəkar inkişafın dizaynı” mövzularında təlim keçiblər.