Dərc olunub: 03.05.2025

 

Yaradıcı insanlar bəzən sözlə deyə bilmədiklərini rənglərin, ilmələrin, musiqinin dili ilə çatdırırlar. Cəmilə də onu düşündürən, həvəsləndirən, iç dünyasını cuşa gətirən hər nə varsa hamısını rənglərin, fırçasının dili ilə əks etdirir. Cəmilə Elnur qızı Bayramova Bakı şəhərinin Nizami rayonunda yerləşən 272 saylı məktəbin IX a sinfində təhsil alır. Digər fənlərdən fərqli olaraq Cəmilənin rəsmə daha çox marağı var. O, üçüncü sinifdən rəsm dərnəklərinə gedir. Müntəzəm olaraq məktəbdə və digər yerlərdə keçirilən tədbirlərdə əl işləri, rəsmləri ilə çıxış edir. Gənc həvəskar rəssam 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu ilə təltif olunub. Bu təltif Cəmilənin yalnız rəsm işlərinə görə deyil, həm də 2020-21-ci tədris ili ərzində modellərin naxışların çəkilməsi, onların tikilməsi, biser steklyarus müxtəlif tikmələr, tikiş və toxuma ilə əl işlərinin səliqəli tərtibinə görədir. 2023-24-cü illər bu baxımdan Cəmilə üçün çox uğurlu keçib. O, 2023-cü ildə Elm və Təhsil Nazirliyinin “7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-in keçirdiyi Xocalı faciəsinin 31-ci il dönümünə həsr olunmuş “Xocalı-şəhid şəhər” adlı ən yaxşı rəsm müsabiqəsində fəal iştirak etdiyinə görə təşəkkürnaməyə layiq görülüb.
2024-cü il də Cəmilə üçün uğurlu gəldi. O, həmin ilin aprelində 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin keçirdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyanı qoruyaq” adlı yaradıcılıq müsabiqəsində “Eko-əl işləri” nominasiyası üzrə Fəxri fərmanla təltif olunub.
Cəmilə yay tətillərini Azərbaycanımızın ən dilbər güşələrindən biri olan Qəbələ rayonunda keçirir. Qəbələnin sayılıb-seçilən ziyalılarından olan babası Sərdar müəllim və nənəsi Nərgiz xanım Cəmilənin istirahətinin mənalı və şən keçməsi üçün hər an ona dəstək olurlar. Cəmilə istirahət günlərində əmisi qızları Füruzə və Sofiya ilə tez-tez qədim və zəngin tarixə malik olan Çuxur Qəbələ kəndinə gedir, gördüklərini rənglərin dili ilə kağıza köçürür. O, Füruzə və Sofiyaya yalnız rəsm çəkməyi öyrətmir, həm də ingilis və rus dillərini öyrənməyə, nənə, babasına təsərrüfat işlərində kömək etməyə də yardımçı olur.
Füruzə də əmisi qızı Cəmilə kimi gözəl rəsmlər çəkir, tikmələr hazırlayır. Lakin onun daha çox həvəsi idmanın bir növü olan gimnastikayadır. O, 2024-cü ildə Bakı şəhərində gimnastika üzrə keçirilən tədbirlərdə iştirak edərək medal və fəxri fərmanla təltif edilib.
Yuxarıda qeyd etdik ki, Cəmilə IX sinifdə oxuyur. Təbii, onun bu nailiyyətlərində oxuduğu məktəbin direktoru Anar müəllimin, sinif rəhbəri Rəna Zahidovanın, rəsm fənnini tədris edən Mübariz müəllimin və digər müəllimlərinin də əməyi danılmazdır.
Cəmilə hazırda peşə seçimi qarşısındadır. O, tərcüməçi, hərdən isə hüquqşünas olmaq arsuzunda olduğunu bildirir. Biz ona hansı peşənin sahibi olmasından asılı olmayaraq, xalqına, Vətəninə, əzizlərinə layiq vətəndaş olmağı arzu edirik. İndi isə oxucularımızı Cəmilənin rənglər dünyası ilə baş-başa buraxırıq.

Əsgər İSMAYILOV