Dərc olunub: 06.05.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində mayın 6-da universitetin rektoru professor Cəfər Cəfərov Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) rəhbəri professor Erol Özvar ilə görüşüb.

Görüş zamanı iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Professor C.Cəfərov ADPU-nun beynəlxalq əlaqələrinin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib, Türkiyənin qabaqcıl universitetləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər arasındakı müzakirələrdə, xüsusilə, ADPU ilə Qazi Universiteti arasında həyata keçirilməsi planlaşdırılan ikili diplom proqramı diqqət mərkəzində olub. Bu proqramın həyata keçirilməsi müəllim hazırlığı sahəsində yeni imkanlar yaradacaq, eləcə də iki ölkə arasında elmi və akademik mübadiləni gücləndirəcək.

Görüş səmimi və konstruktiv şəraitdə keçib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda rektor prof. C.Cəfərov prof. E.Özvara ölkələrimiz arasında ali təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif edildiyi “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.