Dərc olunub: 06.05.2025

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışını elmi ictimaiyyətin diqqətinə təqdim edir.

Xüsusi buraxılış, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış və bu əlamətdar tarixə həsr olunmuşdur.

Buraxılışda Azərbaycan dilinin hüquqi statusunun qorunması, dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, milli kimliyin əsas rəmzi olaraq əhəmiyyətinin vurğulanması ilə yanaşı, dil siyasətinə dair müxtəlif yanaşmalar elmi müstəvidə araşdırılmış, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına verdiyi əvəzsiz töhfələr, onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilə göstərdiyi xüsusi diqqət və qayğı, həmçinin dilimizin saflığının qorunması, yad təsirlərdən mühafizəsi, təhsil sistemində düzgün tədrisi və ictimai mühitdə istifadəsi ilə bağlı aktual məsələlərə elmi baxış bucağından yanaşılmışdır.

Dərc edilən buraxılışın tam mətni “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının rəsmi veb-saytının (https://tall.edu.az) “Arxiv” bölümündə oxuculara təqdim olunur.

Xüsusi buraxılış tədqiqatçılar, təhsil işçiləri, o cümlədən müəllimlər, tələbələr, ana dilinin qorunması və inkişafını öz vətəndaşlıq və mənəvi məsuliyyəti kimi dəyərləndirən oxucular üçün faydalı elmi materiallar təqdim edir.