Mektebgushesi

Dərc olunub: 06.05.2025

Azərbaycan Texniki Universitetinin (AzTU) iki komandası “Robotex Azərbaycan – Avrasiya Çempionatı” müsabiqəsinin qalibləri olub.

Universitetdən  verilən məlumata görə, ümumilikdə Azərbaycanın fərqli təhsil müəssisələrindən 187 komanda, 845 şagird və tələbənin təmsil olunduğu yarışmada iştirakçılar 21 fərqli kateqoriya üzrə yarışıblar.

Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova, Nasir Məlikov və SABAH qruplarının 3-cü kurs tələbəsi Əliyoldaş Əmiraslanlının iştirak etdiyi komanda qlobal problemin həllinə fokuslanmış “CO2toD Project” layihəsi ilə “Green Entrepreneurship University” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb. Müsabiqədə tələbələrin mentoru Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev olub.

Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbələri Yusif Əliyev, İlahə İsmayılzadə və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə doktorantı Xumarə Qəhrəmanlıdan ibarət digər komanda isə “SoftTech Entrepreneurship” kateqoriyası üzrə 1-ci yeri qazanıb.

Hər iki qalib komanda iyunda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Böyük finala vəsiqə qazanıb.