Dərc olunub: 06.05.2025

Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilib.

Festivalda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev,  Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva və digər qonaqlar iştirak ediblər.

BŞTİ-nin dəstəyi, paytaxtdakı 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən festival Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Festivalda çıxış edən Nərminə Hüseynova Ulu Öndərin zəngin siyasi kursunun əsas istiqamətlərindən birinin də ölkə idmanının inkişafı ilə bağlı olduğuna diqqət çəkib. N.Hüseynova Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, idmana və idmançılara yüksək diqqət və qayğı göstərilməsi barədə danışıb. Məktəblərdə idman infrastrukturunun ilbəil yaxşılaşdığını bildirən N.Hüseynova idmanda uğur qazanan məktəblilərin sayının artdığını da qeyd edib.

Sonda qonaqlar məktəblilərin idmanın müxtəlif növlərinə aid çıxışlarını izləyib, onlara uğurlar arzulayıblar.

Festival bədii-musiqili proqramla davam edib.