Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərəmova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova Türkiyənin Qazi Universitetində işgüzar səfərdə olublar.
Universitetdən Mektebgushesi.az-a bildirilib ki, səfər çərçivəsində Pedaqoji Universitetin rəhbərliyi Qazi Universitetinin rektoru professor Uğur Ünal ilə görüş keçirib. Görüşdə iki universitet arasında mövcud və gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, təhsil proqramlarının inkişafı və elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Səfərin ikinci hissəsində Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərəmova Qazi Universitetinin Təhsil fakültəsinin dekanı prof. Bilal Günəş ilə görüş keçiriblər. Görüş zamanı tərəflər fakültələrarası əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Daha sonra ADPU nümayəndələri fakültənin fəaliyyəti ilə yaxından tanış olub, Qazi Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili dərsində iştirak ediblər.