Dərc olunub: 08.05.2025

Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası Xırdalan şəhər 40 saylı ərazi təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilb.

Öncə böyük dövlət xadimi Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi yad olunub, Dövlət Himninin səsləndirilməsinin ardınca Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, yeni dünya nizamında qüdrətli, suverenliyini qazanmış Azərbaycanın rolunun daha da artması məhz Ümummilli Liderin əsasını qoyduğu sağlam təməllər sayəsində mümkün olmaqdadır. Dahi siyasətçinin rəhbərliyi ilə sovet dövründə Azərbaycanın müttəfiq respublikalar arasında ən qabaqcıl yerə yüksəldiyini xatırladan rektor Ümummilli Liderin müstəqillik dövründə də ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisi istiqamətində atdığı mühüm addımları nəzərə çatdırıb.

Yaqub Piriyev Azərbaycanın Heydər Əliyevsiz qaldığı cəmi altı il ərzində torpaqlarımızın işğal altına düşdüyü, bir dövlət olaraq yer üzündən silinmək təhlükəsi ilə baş-başa qaldığı dövrdən ətraflı danışıb və xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəmizi bütün bu bəlalardan xilas etdiyini bildirib. Eyni zamanda 1993-2003-cü illəri Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm tarixi mərhələ kimi xarakterizə edib. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Ulu Öndərin qarşıya qoyduğu əsas missiyanın-torpaqlarımızın işğaldan qurtarılması vəzifəsinin yerinə yetirildiyini deyən rektor Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin sadiqliklə davam etdirilməsinin Azərbaycanı əbədi qoruyacağını, böyük şəxsiyyətin qüdrətli milli lider kimi hər zaman  ehtiramla xatırlanacağını vurğulayıb.

Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, güclü dövlətə çevrilməsi, beynəlxalq aləmdə tanınması üçün həyata keçirdiyi siyasi, iqtisadi, mədəni islahatlardan danışıb. Bildirib ki, nüfuzlu siyasətçi Azərbaycanın qlobal iqtisadi layihələrdə iştirakını təmin etməklə ölkəmizin beynəlxalq əməkdaşlıqda yerini möhkəmlətdi, iqtisadi qüdrətini artırdı, neft gəlirləri sayəsində respublikamızın hərtərəfli inkişafını sürətləndirdi. Uğurlu neft strategiyasının əhalinin sosial-iqtisadi durumunun yaxşılaşmasına, Azərbaycanın hərbi potensialının güclənməsinə müsbət təsirlərini vurğulayan Abdin Fərzəliyev ölkəmizin suverenliyinin tam bərpası, eləcə də Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində aparılan bərpa-quruculuq işlərinin məhz Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsi kimi qiymətləndirib.

Daha sonra tədbirdə YAP Abşeron rayon təşkilatının rəhbəri Abbas Əliyev, BMU-nun Ümumi fənlər kafedrasının professoru Abbas Seyidov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Əli Hüseynov çıxış ediblər. Çıxışlarda ömrünü xalqımızın müstəqil, firavan yaşamasına, Azərbaycanın dünyada tanınmasına həsr edən Ulu Öndərin misilsiz xidmətlərindən, həyata keçirdiyi vacib islahatlardan danışılıb. Eyni zamanda Ümummilli Liderin ən böyük mirasının güclü, müstəqil Azərbaycan olduğu bildirilib və uğurlu gənclər siyasəti nəticəsində sağlam, vətənpərvər, savadlı nəslin formalaşdığı vurğulanıb.