Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir.
Heydər ƏLİYEV
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini öyrənmək və öyrətmək vacibdir. Çünki Heydər Əliyevin dövlətçilik konsepsiyası, onun fikirləri, zəngin fəaliyyət yolu olduqca qiymətlidir. Bu istiqamətdə təhsil işçilərinin məsuliyyəti daha çoxdur. Təhsil sahəsində çalışan hər bir kadr gənc nəsillər üçün nümunə olan Heydər Əliyev şəxsiyyətini, onun siyasi irsini dərindən araşdırmalıdır. Çünki Heydər Əliyevin təhsil, mədəniyyət, incəsənət, iqtisadiyyat, ədəbiyyat və bu kimi digər sahələrdə gördüyü işlər gənclərimiz üçün mayak olub və olacaqdır. Gənclər yaxşı anlayır ki, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Onu qorumaq isə hər bir azərbaycanlının borcudur. Buna görə də Heydər Əliyev və onun əməlləri daim yaşayacaqdır. Bütün Azərbaycan xalqı və bəşəriyyət onu heç vaxt unutmayacaqdır.
Ulu öndər Heydər Əliyev irsini gənclərimizə öyrətmək, dahi şəxsiyyətin fəaliyyət yolunu aşılamaq hər bir azərbaycanlı üçün qürurdur. Tariximizdə xüsusi rolu olan ümummilli lider Heydər Əliyev Azərbaycan cəmiyyətinin gələcək inkişafı üçün insan tərbiyəsinin hər zaman öndə olduğunu qeyd edirdi. Təsadüfi deyildir ki, bu gün gənc nəslin təlim-tərbiyəsində Heydər Əliyevin dövlətçilik konsepsiyası, onun fikirləri, zəngin fəaliyyət yolu olduqca qiymətli xəzinədir, əminliklə də qeyd etmək olar ki, bu irs gənclər tərəfindən sevərək öyrənilir. Çünki ulu öndər Heydər Əliyev xalqımız üçün, xüsusən gənc nəsil üçün zəngin azərbaycançılıq, dövlətçilik irsi miras qoymuşdur. Biz təhsilverənlərin əsas missiyası isə bu zəngin mirasdan layiqincə bəhrələnməyi bacarmaqdır. Bu gün təhsil ocaqlarında keçirilən bütün tədbirlərə, uğurlu işlərə Heydər Əliyev dühasının işığı düşür. Çünki Heydər Əliyevin həyat və fəaliyyətinin xronoloji ardıcıllığını izləsək, ölkəmizin bu günü, gələcəyi və tarixi haqqında fikir sahibi olmaq mümkündür. Sevinclə qeyd edə bilərik ki, bu gün gənclər özləri müstəqil söz sahibi olduqları bütün əməli fəaliyyətlərinin icrasına Ümummilli Liderin abidəsini ziyarət etməklə başlayırlar, sanki bu müstəqil və gündən-günə çiçəklənən ölkəni onlara miras qoyub-getmiş dahi şəxsiyyətdən halallıq istəyir, onun əbədi nurundan bəhrələnməyə çalışırlar. Araşdırmalardan məlum olur ki, gənc nəslin dahi şəxsiyyətə olan qürur dolu sevgisi olduqca yüksəkdir. Haydar Alıyev ve Azerbaycanda Yeni Devlet Kuruculuğu (1993-2003) adlı kitabda xaricdə təhsil alan azərbaycanlı tələbə Ümummilli Lider haqqında yazdığı məqalədə belə vurğulayır: Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin Azərbaycan üçün qüvvə sərf edərkən yaşadığı coşğu və həyəcanı yazıma tam olaraq yansıtmağı bacarmadığım üçün çox üzgünəm [s 84]. Bu sözlər əslində Heydər Əliyevin bütün azərbaycanlıların qürur mənbəyi olduğuna sübutdur. Başqa bir tələbə isə yazır: “Heydər Əliyevin Azərbaycanın yüz birinci şansı olaraq adlandırılması təsadüfi deyildir. Bu ada yalnız bütün ümidlərin boşa çıxdığı zamanlarda belə gedişatı dəyişdirəcək, xalqını, millətini aydın sabahlara apara biləcək böyük insanlar şərəflə layiq görülürdü: Ulu öndər Heydər Əliyev kimi. Ulu Öndər möhtəşəm bir işə başlamışdı.Onun müəllifi olduğu davamlı inkişaf konsepsiyası üç böyük başlıq altında sərgilənirdi. Bunlar güclü dövlət, güclü iqtisadiyyat və azad cəmiyyət idi. Nəticələr isə inanılmaz dərəcədə böyük və möhtəşəm idi” [s 92]. Başqa bir gənc yazır: Yolun yolumuz, duruşun duruşumuzdur! Gələcəyə ümidlə baxışın gələcəyimizin ümididir. Rahat uyu, Ulu Öndər. Xaricdə təhsil alan bir gənc olaraq bunun çox yaxşı fırqindəyəm ki, bizlərə miras qoyduğun hər bir dəyər gələcəyimizin təməl daşlarıdır. O daşlar üzərində gələcəyimizin binasını inşa etməklə biz gənclərin vətəni və insani görəvidir. Çünki, mən də qürur duyuram ki, mən də azərbaycanlıyam! Bunu da vurğulamaq istəyirəm ki, bir insan olaraq anlayış və mərhəmətin, bir lider olaraq dik duruşun, bir vətəndaş olaraq həyatnı vətəninin gələcəyinə adayışın, mən və mənim kimi neçə azərbaycanlı gəncin gələcəyinə səslənişdir.Bundan əmin ola bilərsən Ulu Öndər. Səsin səsimizin güvəncəsi, müdrik sözlərin görüşümüzün mayakıdır, dik duruşun duruşumuzun təməli oldu və olmağa da davam edəcəkdir” [ s 26]. Öz tarixinə, tarixi şəxsiyyətlərinə, dahilərinə bu dərəcədə yüksək dəyər verməyi bacaran gənclik qarşısında bizlərin məsuliyyəti böyükdür. Bu gün ali təhsil ocaqlarında aparılan işlər, atılan addımlar doğru hesablanmalıdır. Yüksək araşdırma qabiliyyətinə malik olan gənclər qarşısında artıq yeni eraya qədəm qoyduğumuzu unuda bilmərik.
Heydər Əliyevin istər siyasi fəaliyyəti, istər gələcəyə yönəlik addımları, istərsə də ölkə rəhbərliyi dövründə etdiyi çıxışları heç biri təsadüfi deyildi, əksinə düşünülmüş və çoxtərəfli idi. Müstəqil Azərbaycanın tarixində elə bir sahə yoxdur ki, orada dahi şəxsiyyətin imzası olmasın. Ölkəni günəşli günlərə aparacaq, xaosdan və məhv olmaqdan qurtaracaq, dünyada tanıdacaq bir imzaya sahib olmaq elə ancaq Heydər Əliyev kimi şəxsiyyətlərə nəsib ola bilərdi. Ən çətin anlarda, ən çətin dövrlərdə Heydər Əliyev kimi ləyaqətli liderlər cəsarətlə və dəyanətlə ağırlığı öz çiyninə götürür və xalqının xilaskarına çevrilir. Milli dövlətçilik tariximizdə belə siyasi liderlərdən və tarixi şəxsiyyətlərdən birincisi olmaq məhz Heydər Əliyevin qismətinə düşmüşdür. Müstəqil Azərbaycan dövlətini reallığa çevirmiş, onu qurub yaratmış və inkişaf yoluna qoymuşdur. [5, s 81]. Bir təhsil işçisi olaraq bu gün Ulu Öndərin imzası altında günümüzə qədər gəlib çatmış uğurlar haqqında danışmaq, bu uğurlardan gənc nəslə ötürmək üçün düşünürəm ki, mütləq araşdırma aparmağa borcluyuq. Bu dühanı öyrənməyə və öyrətməyə bir ömür yetməz. Məsələn, təhsilin istər ali, istər peşə, istərsə də orta məktəb səviyyələrində inkişafının başlanğıcı Heydər Əliyevin əməli fəaliyyətindən qaynaqlanan və günümüzə qədər gəlib çatan, təbii ki, çox uğurlu və yüksək şəkildə Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən məqamlardır.
XXI əsrin başlanğıcında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” verdiyi fərman “orta və ali məktəblərdə Azərbaycan dilinin tədrisi və Azərbaycan dilində təhsilin keyfiyyəti ilə bağlı əsaslı dönüş yaratmaq” bu istiqamətdə aparılan işlərə, o cümlədən elmi-metodik araşdırmalara böyük təkan verdi: .”Azərbaycanda təhsil XX əsrin sonlarında böyük irəliləyiş əldə etmişdir. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkirləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı cəhalətdən çıxarmaq, ziyalı etmək üçün bu qədər iş görüblər. Azərbaycan Respublikasının təhsil tarixi yazılacaqsa, aydındır ki, hər mərhələdə görülən işlər orada öz əksini tapacaq və dəyərləndiriləcək” . Həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq 2 yanvar 2003-cü il tarixdə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” verdiyi fərman bu sahədə son dövrlərdə aparılan bütün işlər üçün hüquqi zəmin yaratdı. Ona görə də müstəqillik dövründə dilimizin potensial imkanlarından daha səmərəli istifadə edilməsi məqsədi ilə ümumtəhsil məktəblərində onun tədrisi keyfiyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Təkcə elə təhsil işçisi kimi Heydər Əliyevin Azərbaycan varlığının ensiklopediyası hesab edilən Dədə Qorqudun 1300 illik, Füzuilinin 500 illik yubileylərinin beynəlxalq müstəvidə təntənəli şəkildə qeyd edilməsi istiqamətindəki fəaliyyəti, gənc kadrların xaricə təhsil almağa göndərilməsi, təhsilimizə, ədəbiyyatımıza, ordumuza, iqtisadiyyatımıza, mədəniyyətimizə dövlət qayğısı bunun bariz sübutu idi. Heydər Əliyevlə bağlı hazırlanmış sujetlərin birində bir qısa fraqment düşünürəm ki, çoxunun xatirindədir: Ulu Öndər ona çay gətirən oğlana :”Kəkotu çayıdır” sözünə düzəliş edərək: “Kəkotu yox, kəklikotu, bu isə dişləmə qənddir” deməsi Heydər Əliyevin necə böyük bir dahi olduğunu, dilini təkcə sevməsini deyil, həm də çox dərindən və incəliklərinə qədər bildiyini göstərir, bu isə gənclər üçün ən böyük nümunədir. “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi Vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü həmişə xoşbəxt saymışam” deyən ulu öndər Heydər Əliyev irsini öyrənmək hər bir azərbaycanlı üçün böyük qürurdur. Biz də kollektiv olaraq çalışırıq ki, verdiyimiz qərarlar, etdiyimiz işlər ulu öndər Heydər Əliyevin müqəddəs və ölməz ruhu qarşısında borcumuzu dərk etməyə kömək etsin. Ulu öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki. “təhsil sisteminin nə qədər dəyəri olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik”. Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, Azərbaycan təhsil sahəsində çalışan hər bir kadr öz əməli ilə bu sağlam ideyanı təqdim etməyə, qorumağa çalışır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı olaraq biz də çalışdığımız ali təhsil müəssisəsində gələcək üçün faydalı kadrlar yetişdirməklə yanaşı, həm də ölkənin tarixini bilən, Heydər Əliyev irsindən öyrənməyə maraqlı olan, dövlətçilik ənənələrinə sadiq, vətənpərvər şəxsiyyətlər yetişdirməyə səy göstəririk. Yaxşı anlayırıq ki, Azərbaycanın bugünki və gələcək nəsillərin ulu öndər Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun əsərini – müstəqil Azərbaycanı qorumaq və milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu mənada sevindirici haldır ki, ADPU-nun Quba filialında başda filialın direktoru professor Yusif Alıyev olmaqla bütün kollektivin səyi ilə bu istiqamətdə komanda əməyi sərgilənir, təkcə elə qısa zaman kəsiyində gənclər arasında görülən işlər onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev və onun əməlləri daim yaşayacaq, bütün Azərbaycan xalqı və bəşəriyyət onu heç vaxt unutmayacaq. Ümummilli Lider Heydər Əliyevin ölkədə pedaqoji kadr hazırlığı sisteminin formalaşmasına verdiyi töhfələrə həsr edilmiş tədbirlərin, elmi-praktik konfransların, simpoziumların keçirilməsi ilə əlaqədar filialda “Azərbaycan gəncliyinin mənəvi, əxlaqi tərbiyəsinin formalaşmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev İli” çərçivəsində “Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər”, “31 Mart – Azərbaycanlıların Soyqırımına hüquqi, siyasi və tarixi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin rolu”, Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, Quba Rayon Məhkəməsinin, Quba Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizliyi Xidməti Quba Rayon Şöbəsinin, Quba Rayon Polis Şöbəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşkilatçılığı ilə “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfranslar, “Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının təmin edilməsində Heydər Əliyevin rolu”, “Heydər Əliyev: elm və təhsilin hamisi”, “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir”, “Qələbə fəlsəfəsi: Siyasi varislikdən doğan qüdrətli dövlətçilik ənənəsi”, “Ulu öndər Heydər Əliyevin milli dövlətçilik strategiyasında suverenlik və konstitusiya məsələləri” adlı mötəbər tədbirlər, elmi seminarlar və konfranslar birbaşa gənclərin öyrənməsi, onların bu istiqamətdə tədqiqatlarının təqdimatına yönəlmişdir. Suveren və müstəqil Azərbaycanın qalib gəncliyi sözün həqiqi mənasında fəxr edir ki, onların yoluna ulu öndər Heydər Əliyev dühasının işığı düşür. Sevinərək qeyd edə bilərik ki, görülən işlər nəticəsiz qalmır, artıq Azərbaycan gəncliyi bir çox sahələrdə qalibdir, deməli gələcəyimiz – ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası əmin əllərdədir!
Aysel Balasultan qızı Şeydayeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini
Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi
pedaqogika üzrə fəlsəfə doktoru