Dərc olunub: 08.05.2025

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfransın iştirakçıları ilk öncə ulu öndərin xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər çiçəklər qoyublar.

“Meşəçilk və biomüxtəlifliyin ərzaq təhlükəsizliyinə və əhali sağlamlığına təsiri” mövzusunda  keçirilən Beynəlxalq elmi-praktiki konfransın işinə ümummilli lider H. Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə start verilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Universitetdən Mektebgushesi.az-a bildirilib ki, konfransı giriş sözü ilə LDU-nun rektoru, prof. Natiq İbrahimov açaraq iştirakçıları salamlayıb, tədbirin olduqca aktual mövzuya həsr olunduğunu, bu istiqamətdə elmi araşdırmalara böyük zərurət olduğunu bildirib. Qeyd edib ki, Yer kürəsində bioloji müxtəlifliyin qorunması bütün bəşəriyyətin ümumi vəzifəsi və davamlı inkişafın tərkib hissəsi olmalıdır. Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirildiyini deyən rektor  ümummilli lider Heydər Əliyevin dediklərini konfrans iştirakçıların diqqətinə çatdırıb: “Ətraf mühitə insani münasibət göstərilməsi, biomüxtəlifliyin qorunub saxlanılması bizim gələcəyimiz üçün çox vacibdir. Biz təbiətdən təcrid olunmuş şəkildə yaşaya bilmərik”. Prof. Natiq  İbrahimov bildirib ki, əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir,  dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Belə ki, bu problemin həlli milli, iqtisadi, sosial, demoqrafik və ekoloji faktorların geniş spektrini əhatə edir. Buna görə də dövlət səviyyəsində sosial-iqtisadi sistem ərzaq təhlükəsizliyi ilə sıx əlaqədardır.

Beynəlxalq elmi-praktiki konfransın işində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva çıxışında qeyd edib ki, bu gün biomüxtəlifliyə ən böyük təhlükə meşə sahələrinin sürətlə azalmasıdır, təkcə 2001-2021-ci illər arasında Yer kürəsində 437 milyon hektar meşəlik ərazisi azalıb. Bu rəqəmlər bizi ciddi narahat etməli, problemin həlli yolunda birgə və səmərəli fəaliyyətə təşviq etməlidir.

Konfransın  plenar iclasında prof. Mikayıl Məhərrəmov, dos. Ramiz Şəmmədov və dos. Balayar Şahbazovun məruzələri dinlənilib.

Plenar iclasdan sonra konfrans işini Aqrar və iqtisadiyyat elmləri, Təbiyyat elmləri  bölmələrində davam etdirib. Qeyd edək ki, 9 xarici ölkənin qatıldığı konfransın işində 13 beynəlxalq, 26 respublika ali təhsil müəssisəsi və elmi təşkilat iştirak edir. Konfransa 100-dən artıq məqalə və tezis təqdim edilib.