“Sağlamlıq imkanları məhdud uşaqlar bəzən ümumi dövlət standartlarına uyğun təhsil alırlar, bəzən isə onlar üçün təlim prosesi uyğunlaşdırılır, yəni sadələşdirilir”.
Mektebgushesi.az xəbər verir ki, bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında danıșarkən səsləndirib.
O bildirib ki, hər iki halda bu uşaqların təliminin monitorinqinin aparılması və tədris planının düzgün şəkildə planlaşdırılması çox vacibdir. Həm planlaşdırma, həm də monitorinq bu uşaqların təhsil keyfiyyətinin yüksəldilməsi üçün əsas imkan yaradır:
“Burada komanda işinin təşkili də mühüm rol oynayır. Hər tərəfin, yəni müəllim, valideyn, dəstək mütəxəssisləri və digər iştirakçıların öz rolu olur və bu əməkdaşlıq nəticəsində fərqli tədris planlarının vahid sənəddə birləşdirilməsi, protokollaşdırılması təmin olunur. Bu da nəticədə təhsilin effektivliyini artırır”.
Sektor müdiri həmçinin əlavə edib ki, fərdi tədris planları uşaqlar üçün təlimin fərdiləşdirilməsinə, onların ehtiyaclarına uyğunlaşdırılmasına şərait yaradır. Eyni zamanda, bu planlar vasitəsilə uşaqların inkişafı sistemli şəkildə izlənilir. İnkişaf etmiş ölkələrdə fərdi tədris planlarının uzun illərdir tətbiq olunması və onun effektivliyinin artıq sübut olunması da bunu təsdiqləyir:
“Bu planlaşdırma imkan verir ki, konkret olaraq bilək ki, hansı uşaq üçün hansı mövzular hansı ayda tədris olunacaq və hansı nəticələr gözlənilir. Bu, həm dövlət təhsil standartlarına, həm də kurikulumun tələblərinə uyğun şəkildə qeyd olunur. Təbii ki, burada fərdi yanaşma əsasdır. Hər bir uşaq üçün tədris fərdiləşdirilir və uyğunlaşdırılır”.