Dövlət İmtahan Mərkəzi şəxsi kabinetlərdə zəif parol istifadə edənlərdən təhlükəsizlik məqsədilə parollarını yeniləməyi tələb edir. Bu texniki yenilik sosial şəbəkələrdə yanlış anlaşılaraq abituriyentlər arasında əsassız panika yaradıb. Parol yenilənməsi ixtisas seçiminə və blok qeydiyyatına təsir etmir.
Dövlət İmtahan Mərkəzi (DİM) şəxsi kabinet sistemində təhlükəsizlik səviyyəsini artırmaq məqsədilə zəif parollara qarşı tədbirlər gördüyünü və bu səbəbdən bəzi istifadəçilərdən parollarını yeniləməyi tələb etdiyini açıqlayıb.
Bunu fürsət bilən bəzi sosial şəbəkə istifadəçiləri, xüsusilə də “TikTok”da mövsümi ixtisas seçimi ilə məşğul olanlar yanlış məlumat tirajlamaqla məşğuldurlar.
Mektebgushesi.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Rizvan Fikrətoğlu açıqalama verib.
DİM-in parol tələbi abituriyentlərin məlumatlarının qorunmasına yönəlib
Bildirib ki, Dövlət İmtahan Mərkəzi şəxsi kabinet istifadəçilərinin diqqətinə çatdırıb ki, kabinetinizə daxil olarkən təyin etdiyiniz parol qısa və zəifdirsə, müasir təhlükəsizlik tələblərinə cavab vermirsə, sistem avtomatik olaraq onu yeniləməyi tələb edir:
“Kabinetə daxil olarkən parolun dəyişdirilməsi ilə bağlı belə bildiriş aldıqda, orada verilən tələblərə əsasən parolunuzu yeniləməlisiniz. Bildirilib ki, parolunuz 12–20 simvol uzunluğunda olmaqla, ən az bir rəqəm, bir latın hərfi və “!@#$&_” kimi xüsusi simvoldan ibarət olmalıdır. Şəxsi kabinetinizin istifadəçi adı və parolu məxfi saxlanılmalı və kənar şəxslərlə paylaşılmamalıdır.
Bu, təhlükəsizlik baxımındandır. Bunu fürsət bilən bəzi sosial şəbəkə istifadəçiləri, xüsusilə də “TikTok”da mövsümi ixtisas seçimi ilə məşğul olanlar yanlış məlumat tirajlamaqla məşğuldurlar. Bildirirlər ki, parolunu dəyişməyənlər blok qeydiyyatından keçə bilməyəcək və ixtisas seçiminə buraxılmayacaqlar. Sosial şəbəkələrdə yayılan əsassız məlumatlar abituriyentlərdə “blok qeydiyyatına buraxılmayacağam”, “ixtisas seçimi edə bilməyəcəyəm” kimi əsassız qorxulara səbəb ola, gərgin imtahan dövrünü yaşayan gənclərin stressini artıra bilər. Abituriyentlərin və valideynlərinin həssas məqamında belə paylaşımlar etmək təhlükəlidir, doğru deyil və məsuliyyət yaradır. Üstəlik, bu, ölkəmizdə önəmli imtahanlar təşkil edən DİM-in, yəni dövlətin təhsil siyasətinə ziddir”.
“Bu xəbərdarlıq Dövlət İmtahan Mərkəzinin şəxsi kabinet istifadəçilərinin məlumat təhlükəsizliyini artırmaq məqsədilə etdiyi rəsmi çağırışdır”, – deyə ekspert qeyd edib:
“Parolunuzu dəyişmək tələbi yalnız təhlükəsizlik səbəbindəndir və bu, şəxsi məlumatlarınızın üçüncü şəxslər tərəfindən ələ keçirilməsinin qarşısını almağa xidmət edir. DİM-in rəsmi açıqlamasında belə bir şey bildirilmir ki, parolunu dəyişməyənlər blok qeydiyyatından keçə bilməyəcək və ya ixtisas seçiminə buraxılmayacaq. Əgər sistem sizdən parolunuzu dəyişməyi tələb edirsə, bu, təhlükəsizlik səbəbindəndir. Abituriyentlərə tövsiyəm odur ki, rəsmi məlumatlar üçün DİM-in saytını və sosial şəbəkə hesablarını izləsinlər”.