AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kitabın redaktoru akademik Gövhər Baxşəliyevadır.
Monoqrafiyada XIX əsrin əvvəllərində sosial-siyasi hadisələrin təsiri ilə klassik türk ədəbiyyatının zəifləməsi və Qərb ədəbi-estetik fikrinin təsiri ilə yeni ədəbi mühitin yaranması, dövrün poetik təkamülü və yeni janr növlərinin əsas istiqamətləri tədqiq edilir. Ədəbi nümunələr əsasında bu gün də türk ədəbiyyatı tarixində mübahisə doğuran məsələlər elmi-polemik yöndə tədqiqata cəlb edilir. Dövrün ədəbi-fəlsəfi və estetik fikirlərinə dair elmi-nəzəri qənaətlər ümumiləşdirilir və XIX əsrin ədəbi prinsipləri müəyyənləşdirməyə çalışılır.
Əsər giriş, dörd fəsil və ədəbiyyat siyahısından ibarətdir. “XIX əsrin əvvəllərində Osmanlı İmeratorluğunda modernləşmə” adlı birinci fəsildə Tənzimat və İslahat fərmanlarının mətnləri təqdim edilir, onların əsas məqsəd və müddəaları, əhəmiyyəti diqqətə çatdırılır.
İkinci fəsildə XIX əsrin əvvəllərində türk ədəbiyyatının ümumi mənzərəsi verilir. Burada əsasən Akif Paşanın həyat və yaradıcılığı nəzərə çatdırılır, onun “Ədəm qəsidəsi”nin təhlili aparılır.
Üçüncü fəsil Tənzimat ədəbiyyatının təşəkkül dövrünə həsr olunub. Burada ilk olaraq türk mətbuat tarixi və “Tercümani-Ahval” qəzeti nəzərdən keçirilir. Daha sonra İbrahim Şinasinin “Şair evlənməsi” pyesi, “Münacat” qəsidəsi, Namiq Kamalın “Hürriyyət” qəsidəsi və “Mukaddimeyi-Celal” əsəri, Ziya Paşanın “Terci-i bənd” əsəri və “Şeir və inşa” məqaləsi, eləcə də bu ədiblərin həyat və yaradıcılıqları tədqiqata cəlb olunur.
Dördüncü fəsildə Tənzimat dövrü türk nəsrinin inkişafından bəhs olunur. Bu baxımdan Əhməd Midhət Əfəndinin “Fəlatun Bəy ilə Rakım Əfəndi” romanı və Şəmsəddin Saminin “Taaşuki-Talat və Fitnat” romanı təhlil edilir, onların həyatı və yaradıcılıqları nəzərdən keçirilir.