Mektebgushesi

Dərc olunub: 13.05.2025

Bakı Mühəndislik Universiteti ilə Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri AzeRobot Educationun təşkilatçılığı ilə ADA Universitetində keçirilən “AIRO 2025” (Azərbaycan Beynəlxalq Robot Olimpiadası) robot yarışmasında I yerin qalibi olublar.

Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, All Japan Robot Sumo Tournament, ADA Universiteti, Maestro School, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Kiber Təhlükəsizlik Təşkilatları Assosiasiyası, SIMA, IEEE COMSOC və Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil edilən olimpiadada 150 iştirakçı 7 fərqli kateqoriyada mübarizə aparıb.

BMU-İNHA İDP tələbələri-Hakim Musazadə (“Elektronika mühəndisliyi” ixtisası, 2-ci kurs), Şamil Məmmədov (“Elektronika mühəndisliyi” ixtisası, 2-ci kurs), həmçinin Yelmar Fərhadovun (mentor, “İnformasiya texnologiyaları” ixtisası, 2-ci kurs) iştirak etdiyi “TrackX 23” komandası “Line Follower” kateqoriyasında yarışaraq I yerin sahibi olub.

“Line Follower” kateqoriyası üzrə yarışın məqsədi verilmiş xəritədə qara səth üzərində 2 sm enindəki ağ xətti izləyərək, yəni, 90 dərəcə döngələr, yarımçevrə və çevrə şəkilli trayektoriyaları keçərək xəritəni ən sürətli və optimal şəkildə  tamamlamaq olub.