Mektebgushesi

Dərc olunub: 13.05.2025

“Müxtəlif müsabiqələr keçiririk. Bizim olimpiadalarımız fizika, kimya, riyaziyyat sahəsi üzrə təşkil olunur. Təbii ki, şagirdlərin müxtəlif, o cümlədən təbiət elmləri və digər sahələr üzrə bilik və bacarıqları ölçülür. Amma “Ən yaxşı təqdimat” müsabiqəsi xüsusi əhəmiyyət daşıyır. Bu müsabiqənin məqsədi azərbaycanlı kimliyinin, milli məfkurəmizin, ümumilikdə isə Azərbaycanın bir dövlət, azərbaycanlıların bir xalq kimi formalaşmasında misilsiz rolu olmuş irsimizin öyrənilməsidir. Bu, ideoloji baxımdan çox önəmli bir təşəbbüsdür”.

Mektebgushesi.az xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı səsləndirib.

O bildirib ki, təhsilin digər mühüm istiqaməti milli kimliyin formalaşmasıdır: “Məktəb elə bir yerdir ki, orada həm “5” alan, həm də nisbətən zəif qiymət alan şagirdlər olacaq. Təbii ki, müəllimlər hər bir şagirdin yüksək nəticə göstərməsini istəyir, lakin bu, hər zaman mümkün olmaya bilər. Bilik və bacarıqlarına görə aldığı qiymətlərdən asılı olmayaraq, biz bütün şagirdlərin milli dəyərlərə və kimliyə görə “əla” qiymət almasını hədəf kimi müəyyən etməliyik”.