Təhsil Tələbə Krediti Fondu regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalara start verib. Lənkəran Dövlət Universitetinin (LDU) 1 saylı tədris korpusunun akt zalında təşkil edilən tədbirdə tələbələr, müəllimlər və müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri Lənkəran Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açaraq görüşün mahiyyətini açıqlayıb, Təhsil Tələbə Krediti Fondunun əhalinin həssas təbəqəsinə yaratdığı təhsil imkanlarından danışıb.
Təhsil Tələbə Krediti Fondunun baş mütəxəssisi Mirşahin Abdullayev mövzu ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Bildirib ki, təhsil- tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması, əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə verilir, həmçinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, sosial və standart olmaqla iki növü mövcuddur. Güzəştli şərtlərlə verilən sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrdən olan tələbələr istifadə edə bilər. Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlərin tətbiq olunuduğu, həmçinin tələbənin krediti məzun olduqdan və güzəşt dövrü bitdikdən sonra qaytaracağı diqqətə çatdırılıb.
Tədbir iştirakçıları təhsil tələbə kreditlərinin verilməsi, tələbə portalından istifadə qaydaları haqqında ətraflı təlimatlandırılıb, onlara kimlərin hansı hallarda, hansı şərtlər və güzəştlərlə tələbə kreditindən yararlana biləcəyi geniş izah edilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.