Dərc olunub: 14.05.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova və fakültənin müəllimi pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminova ADPU-nun Şamaxı filialının qonağı olublar.

Səfərin əsas məqsədi universitet və filiallar arasında əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində pedaqoji yeniliklərin və qabaqcıl təcrübələrin paylaşılması olub. Bu məqsədlə filialda elmi-metodik mühazirə və seminar təşkil edilib.

İnteraktiv mühazirə zamanı müasir tədris modelləri, kurikulumun tətbiqi, ibtidai sinif müəllimlərinin peşəkar inkişaf istiqamətləri və tədrisin keyfiyyətinə təsir göstərən amillər barədə əhatəli məlumatlar təqdim olunub. Tələbələr təqdim edilən nəzəri bilikləri diqqətlə dinləyərək, müxtəlif istiqamətlər üzrə suallar verməklə elmi diskussiyalarda fəal iştirak ediblər. Seminar çərçivəsində interaktiv mühitdə fikir mübadiləsi aparılıb, qrup işi və praktiki tapşırıqlar formatında fəaliyyətlər yerinə yetirilib.

Gələcəkdə də qabaqcıl təcrübələrin öyrənilməsi və yayılması istiqamətində bu cür fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.