Dərc olunub: 14.05.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları və SABAH qruplarının magistrantları Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) rəsmi nümayəndələri ilə birlikdə 1-9 may 2025-ci il tarixlərində Ankara şəhərində yerləşən Hacettepe Universitetində təlim səfərində olublar. “Ali təhsilin idarə olunması” mövzusunda keçirilmiş təlim proqramı EATDA, SABAH qrupları, ADPU və Hacettepe Universiteti arasında əməkdaşlıq çərçivəsində baş tutub.

Təlimdə EATDA Ali təhsil müəssisələri ilə iş sektorunun müdiri, SABAH qrupları layihəsi İcra komitəsinin rəhbəri dosent Elza Səmədovanın başçılığı ilə komitənin digər məsul şəxsləri, ADPU rektorunun köməkçisi, İnsan resursları və kargüzarlıq şöbəsinin Kargüzarlıq bölməsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aygün Heydərova, Tədris departamentinin Təhsil proqramları şöbəsinin müdiri dosent Rəhman Səfərov, Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və Menecment (Ali təhsilin təşkili və idarə olunması) ixtisaslaşması üzrə təhsil alan birinci tədrisi ili magistrantları işirak ediblər.

Hacettepe Universitetinin Təhsil fakültəsində təşkil edilmiş təlim proqramına əsasən Türkiyə Respublikasında ali təhsil siyasəti, ali təhsildə liderlik, etika, davamlılıq, ali təhsilin maliyyələşdirilməsi, keyfiyyət təminatı, akkreditasiya, hesabatlılıq, ölçmə və qiymətləndirmə kimi bir sıra mövzularda seminarlar keçirilib, nəzəri təqdimatlarla yanaşı praktik tapşırıqlar yerinə yetirilib.

Nümayəndə heyəti təlim proqramı çərçivəsində Hacettepe Universitetinin infrastrukturu ilə tanış olub, Anıtqəbiri, Türkiyə-Azərbaycan Dostluq Fondunu və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasını ziyarət edib, müxtəlif elmi və sosial məzmunlu görüşlərdə, o cümlədən təhsilalanların “Təhsil zirvəsi” çərçivəsində uğura təsir edən amillər mövzusunda təşkil edilmiş panel görüşə qatılıblar. Magistrantlar Əsmər Eminli və Nigar Məmmədova da paneldə çıxış ediblər.

Qeyd edək ki, təlim müddətində ADPU rəhbərliyinin Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində universitetin rektoru professor Cəfər Cəfərovun başçılıq etdiyi nümayəndə heyəti Hacettepe universitetlərində rəsmi görüşlərdə iştirak edib, təlim proqramının iştirakçıları ilə görüşüblər. Görüşdə elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsi barədə müzakirələrin əhəmiyyəti vurğulanıb.

Sonda təlim proqramının iştirakçıları sertifikatla təltif olunublar.