Mayın 15-də “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
Görüş çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla keçirilən görüşdə universitet ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə həyata keçirilə biləcək perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tədris imkanları, möcud təhsil proqramları, universitetin maddi-texniki bazası və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib. Bildirib ki, ADNSU olaraq istehsalat müəssisələri və qabaqcıl texnoloji şirkətlərlə, o cümlədən “Bayraktar Teknoloji Azərbaycan”la əməkdaşlığa xüsusi önəm verilir.
Şirkətin direktoru Hüseyn Topuz ADNSU-da olmaqdan məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları haqqında geniş məlumat verib. O, qeyd edib ki, “Bayraktar Teknoloji Azərbaycan” üçün əsas prioritet sahələrdən biri ən müasir texnoloji sistemlərin inkişaf etdirilməsidir.
Hüseyn Topuz həmçinin ADNSU-nun potensial imkanlarını yüksək qiymətləndirib və daha geniş müstəvidə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. O, tələbələr üçün şirkətdə təcrübə proqramlarının mövcud olduğunu vurğulayıb və əlavə edib ki, hazırda şirkətdə 22 ADNSU məzunu çalışır və onlar peşəkarlıqları ilə seçilirlər.
Görüşün sonunda ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar universitetdə yerləşən Azərbaycan-Türkiyə Dostluq Mərkəzini və türkiyəli şəhid İlham Vankın adını daşıyan auditoriyanı da ziyarət ediblər.