Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən həyata keçirilən “Ustad dərsi” layihəsinin ilk tədbiri Lənkəran Dövlət Universitetində (LDU) baş tutub.
LDU-nun əsasən pedaqoji ixtisaslarında təhsil alan tələbələrinin, professor-müəllim heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə universitetin sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq bildirib ki, layihənin əsas məqsədi pedaqogika sahəsində qabaqcıl təcrübəyə malik təhsil işçilərinin silsilə ustad dərslərini təşkil etmək, müəllimlərin, o cümlədən tələbələrin pedaqoji səriştələrinin artırılmasına və təcrübə mübadiləsinin formalaşmasına dəstək olmaqdır.
Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Respunlika Komitəsi sədrinin 1 ci müavini Tehranağa Abdullayev, T-Network təhsil işçilərinin təcrübə və kommunikasıya platformasının rəhbəri Cəfər Mənsimi çıxışlarında ölkədə bu istiqamətdə görülən işlərdən, hazırkı layihənin əhəmiyyətindən və qarşıdakı planlardan söz açıblar.
LDU-da keçirilən “Ustad dərsi”ni Türkiyənin tanınmış professoru Belma Tuğrul aparıb. “Sinifdə gələcək. Gələcəkdə sinif” adlanan mühazirədə “Uşaqlardan öyrənilən həyat dərsləri”, “Effektiv liderliklə müsbət sinif mühitinin yaradılması”, “Hər gün yenidən doğulan peşə: öyrənən müəllim olmaq”, “Yaradıcı düşüncə: qum saatı ilə öyrənmək”, “Soruşan uşaq, yaşayan öyrənmə”, “Dərsin qəlbi: oyun”, “Sərhədsiz sinif”, “Uşağı tanımaq”, “Uşağın gözündən dünya: empatik pedaqogika” kimi mövzulardan ətraflı bəhs edilib, zalla canlı ünsiyyət yaradılıb, praktiki təlim metodlarından, videomateriallardan istifadə olunub.