Dərc olunub: 15.05.2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” layihəsinə start verilir.

Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, onların bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.

Layihə çərçivəsində məktəblərin həyətinin yaşıllaşdırılması və kiçik ölçülü oranjereyanın yaradılması nəzərdə tutulur. Həmçinin mövzu ilə bağlı maarifləndirici tamaşalar (səhnəciklər) hazırlanacaq, Yaşıl layihə: “Suveren dövlətin ekoloji dəyərləri” adlı tədbirlər, ekoloji konfranslar, aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici görüşlər təşkil olunacaq, “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq işlərinin təqdimatı keçiriləcək.

Bundan əlavə, “Təbii sərvətlər bizim əlimizdədir” adlı təqdimatların hazırlanması, debatların təşkil edilməsi, ekoloji guşələrin və “Yaşıl sinif”lərin yaradılması da planlaşdırılır.

Eyni zamanda sahibsiz heyvanlara qulluq və düzgün münasibətin formalaşdırılması məqsədilə ekskursiya və tədbirlər, açıq havada dərslər, “Yaşıl dövlət”- ekoloji plakat və video müsabiqəsi təşkil olunacaq, o cümlədən müvafiq istiqamətdə şagird layihələri həyata keçirilləcək.

Həmçinin “Müstəqil Azərbaycanın təbii irsinə səyahət-virtual və real ekskursiyaların təşkili, istedadlı şagirdlər tərəfindən ətraf mühitin qorunması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi,  layihə çərçivəsində ümumi təhsil məktəblərində həyata keçirilən tədbirlərdə fərqlənən şagirdlərin müxtəlif nominasiyalar üzrə təltif olunması da nəzərdə tutulur.