Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə abituriyentlərlə görüş keçirilib.
Abşeron rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, habelə BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi birqəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tələbəlik həyatının astanasında olan gəncləri universitetdə görməkdən məmnunluğunu bildirib və hazırda onlar üçün doğru ixtisas, eləcə də ali məktəb seçiminin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu gün dünyada texnoloji sahədə sürətli dəyişikliklərin baş verdiyini, rəqəmsal texnologiyalara ehtiyacın artığını deyən rektor BMU-da tədris olunan müasir ixtisasları diqqətə çatdırıb. Eyni zamanda, əsasən mühəndislik profilli universitetdə, informasiya texnologiyaları, iqtisadiyyat, logistika sahəsi üzrə peşəkar kadr hazırlığının həyata keçirildiyi, nəzəriyyə ilə təcrübənin birləşdirilməsi, tədqiqatların aparılması, startapların hazırlanması üçün mövcud maddi-texniki imkanlardan geniş bəhs edib. Rektor BMU ilə Koreyanın İNHA Universiteti arasında birgə icra edilən ikili diplom proqramı, universitetin digər xarici ali məktəblərlə əməkdaşlığı, eləcə də son illərdə həyata keçirilən islahatlar nəticəsində təhsil ocağının beynəlxalq reytinqlərdə irəlilədiyini vurğulayıb. BMU-nun özəl müəssisələrlə əməkdaşlığından da danışan Yaqub Piriyev məzunların işlə təminatını, karyera yüksəlişlərini qeyd edib və abituriyentlərə yaxın günlərdə ali məktəblərə keçiriləcək qəbul imtahanlarında bol uğurlar arzulayıb.
Sonra çıxış edən şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İslamova hər il rayonun müxtəlif məktəblərindən şagirdlərin qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini və onların uğurlarının hər kəsdə sevinc hisləri doğurduğunu bildirib. Bu ildə abituriyentlərin yaxşı ballarla ali məktəblərə qəbul olacaqlarına inamını ifadə edən Xatirə İslamova Abşeron rayonunda yerləşən yeganə ali təhsil müəssisəsi BMU-da təhsil almağın üstünlüklərindən danışıb. Eyni zamanda, 44 günlük Zəfərdə tarixi qələbəyə imza atmış qalib Azərbaycan gənclərinin üzərinə düşən vəzifələri vurğulayıb.
Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə BMU-da müasir tələblərə cavab verən tədris proqramları, savadlı professor-müəllim heyəti, tədqiqat və təcrübə imkanları yaradan laboratoriyalar sayəsində kadr hazırlığının uğurla həyata keçirildiyini, universitet məzunlarının dövlət, qeyri-dövlət müəssisələrində işlə təminatının mümkünlüyünü bildirib və abituriyentləri parlaq gələcəkləri üçün doğru seçim etməyə səsləyib.
Sonra BMU-nun tanıtım filmi və universitetin rəqs kollektivinin ifasında qısa bədii proqram nümayiş etdirilib.
Ardınca abituriyentlər maraq göstərdikləri ixtisaslar üzrə dekan və kafedra müdirlərinin müşayiəti ilə ali məktəbin tədris korpusları, laboratoriyaları ilə yaxından tanış olublar.