Mayın 15-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Macarıstanın Con fon Neyman Universitetinin nümayəndələri ilə görüş baş tutub.
Mektebgushesi.az xəbər verir ki, görüşdə Agentliyin direktor müavini Nicat Əsədli, Elm və Təhsil Nazirliyinin və Agentliyin digər nümayəndələri iştirak ediblər.
Tərəflər ali təhsil və elmi innovasiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Görüş zamanı birgə təhsil və tədqiqat təşəbbüslərinin həyata keçirilməsi, tələbə və tədqiqatçı mübadiləsi proqramlarının təşviqi, eləcə də Azərbaycan universitetlərinin beynəlxalq rəqabətqabiliyyətinin artırılması ilə bağlı imkanlar nəzərdən keçirilib.
Görüş çərçivəsində “Sabah city” layihəsi təqdim olunub. Qonaqlara layihənin elmi və texnoloji potensialı, həmçinin startaplar və innovasiya mühiti üçün yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.