Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə Analitik və üzvi kimya kafedrasının professoru, uzun illər təhsil sahəsinə öz töhfəsini vermiş professor Nailə Verdizadənin 80 illik yubileyi qeyd edilib.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov yubiley tədbirində qonaqları salamlayaraq, qocaman müəllimlərin uzun illər universitetdə göstərdikləri fəaliyyəti yüksək dəyərləndirib, Nailə xanıma təbriklərini ünvanlayıb və uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə yubiliyarı Fəxri Fərmanla təltif edib.
Yubiley tədbirində çıxış edən Elm və Təhsil Nazirliyinin Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, AMEA-nın akademiki, BDU-nun Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev, Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli Zalov, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru İsmayıl Kazımov, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, müstəqil jurnalist Seymur Verdizadə və ailə üzvləri xatirələrini və ürək sözlərini bölüşərək prof. N.Verdizadənən zəngin elmi-pedaqoji fəaliyyətinə nəzər salıblar.
Tədbir videoçarxlar, təbriklər və musiqili proqramla davam edib. Sonda professor Nailə Verdizadə tədbir təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirdə, həmçinin ADPU-nun Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Kəmalə İskəndərova, universitetin çoxsaylı professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.