Mayın 16-da Xəzər Universitetində Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşri “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının tanıtımı, eləcə də yeni çap edilmiş “Dil siyasəti və milli kimlik: Tarixi irs, müasir yanaşmalar” adlı xüsusi buraxılışının təqdimat mərasimi keçirilib. Xüsusi buraxılış Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq hazırlanıb.
Tədbirdə jurnalın redaksiya heyətinin üzvləri, müəlliflər, redaksiya kollektivi, Xəzər Universitetinin akademik heyəti, tələbələr və bir sıra təhsil işçiləri iştirak ediblər. Açılış nitqini Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova səsləndirib. O, jurnalın elmi-tədris sahəsindəki rolunu vurğulayıb və xüsusi buraxılışın elmi-mənəvi əhəmiyyətini qeyd edib.
Baş redaktor səlahiyyətlərini icra edən Gülnar Əliyeva jurnalın tarixi, inkişaf strategiyası, beynəlxalq platformalarda təmsil olunması və jurnalın gələcək perspektivləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, həmçinin Prezidentin “Konstitusiya və Suverenlik İli” ilə bağlı sərəncamına diqqət yetirərək, bu mühüm qərarın milli kimlik və dövlətçilik tariximizin təbliği və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, həmçinin xüsusi buraxılışın məzmunu, tədris sahəsindəki rolu və elmi əhəmiyyəti barədə məlumat verib.
Redaksiya heyətinin üzvləri, müəlliflər və tədbirdə iştirak edən digər qonaqlar çıxış edərək, buraxılışda yer alan mövzuların aktuallığını və dövlətçilik baxımından əhəmiyyətini vurğulayıb, həmçinin redaksiya kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda tədbirin təşkilinə və yaradılan şəraitə görə Xəzər Universitetinin rəhbərliyinə təşəkkür edilib, iştirakçılarla xatirə şəkli çəkilib.