Kəlbəcərdən olan keçmiş məcburi köçkün Ayan Hüseynli ABŞ-ın nüfuzlu “The New School” Universitetində Beynəlxalq əlaqələr üzrə magistr təhsilini uğurla başa vuraraq, universitetin 2025-ci il üzrə rəsmi siması seçilib. AZƏRTAC-ın xüsusi müxbirinin Ayan Hüseynli ilə müsahibəsini təqdim edirik:
– Ayan xanım, ABŞ-ın məşhur ali məktəblərindən birinin rəsmi siması seçilməyiniz gələcək karyeranıza işıq salan böyük uğurdur. Əvvəlcə bu münasibətlə sizi təbrik edirik. Özünüz haqqında məlumat verərdiniz?
– 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Vaxtilə Kəlbəcər rayonu işğal olunanda ailəm məcburi köçkün düşüb. 2019-cu ildə Heydər Əliyev adına Liseyi bitirmişəm. 2019-2023-cü illərdə ADA Universitetinin Beynəlxalq münasibətlər fakültəsində təhsil almışam. 2024-cü ildə ABŞ-də magistr təhsili almaq qərarına gəldim və Nyu-York ştatının “The New School” Universitetində Beynəlxalq münasibətlər fakültəsinə müraciət ünvanladım. Fəal tələbə olduğuma və nəticələrimə görə mən 55 faiz güzəşlə təhsil almaq hüququ qazandım.
– Necə oldu ki, universitetdə bu ilin siması seçildiniz?
– İkiillik magistr təhsilimi bir ildə bitirməyi qərara aldıqdan sonra, yüksək orta nəticələrimə görə, universitet mənə 2025-ci ilin siması olmaq şansı verdi. İki mərhələli müsabiqədən keçərək universitet birincisi seçildim və ali məktəbin rəsmi saytında haqqımda məlumat yerləşdirildi. Həmçinin mənim Azərbaycanın Qarabağ bölgəsindən olduğum qeyd edildi.
– Lakin bu, həm də erməni əsilli gənclərin etirazına səbəb oldu. Bunu necə qarşıladınız?
– Doğrudur, bu, erməni tələbələrin qıcıqlanmasına və etirazına səbəb oldu. “The New School”un Parisdəki erməni tələbələri və Nyu-Yorkdakı məzun ermənilər universitetə məktublar yazaraq, “əgər o qız seçilsə, biz məzunlar assosiasiyasından üzvlüyümüzü geri çəkəcəyik”, – deyə şantajlar da ediblər. Bu il mayın 10-da ABŞ üzrə 50-dən çox universitet bölməsi və 20 min erməni-amerikalı tələbəni təmsil edən Bütün Erməni Tələbə Assosiasiyası (All-ASA) “The New School” Universitetinin icraçı dekanı Aleinikoffa və universitetin Məzunluq Mərasimi adlı bölmənin rəhbərliyinə məktub göndərmişdilər. Onlar universiteti mənim 2025-ci ilin rəsmi siması kimi seçilməyimə dair qərarını yenidən nəzərdən keçirməyə çağırmışdılar.
Lakin bu, məni daha da ruhlandırdı və daha uca səslə ölkəm barədə çıxışlara davam etdim. Sevindirici haldır ki, universitet bu şikayətlərə baxmayaraq, mənə tam dəstəklərini ifadə etdilər və ermənilərin törədə biləcəyi etiraz ilə bağlı əvvəlcədən məlumatlandırdılar. Düşünürəm ki, bu etirazlar gözlənilən idi.
– Mayın 16-da Məzun günü keçirildi. Hansı hisslər keçirdiniz?
– Məzun günündə yaşadığım hissləri sözlərlə ifadə etmək çox çətindir. Çünki bu, yalnız bir təhsilin sonu deyil, həm də çəkilən zəhmətin, inamın və mübarizənin zirvəsidir. Ailəmlə birlikdə bu anı yaşamaq isə mənim üçün çox böyük qürur və həyəcan dolu anlar oldu. Onların dəstəyi və inamı olmasaydı, bu gün orada dayanmaq mənim üçün mümkünsüz idi. Xüsusən də 24 min insanın qarşısında Azərbaycanın adını səsləndirmək mənim üçün həm şərəfli, həm də emosional bir təcrübə oldu. Bu, düşünürəm ki, təkcə şəxsi uğur deyil, həm də mənim köklərimə, kimliyimə, xalqıma və xalqımın tarixinə ehtiramımın təzahürüdür. Əgər Qarabağ azad olunmasaydı, mən bu gün universitet birincisi kimi bu qədər qürurla çıxış edə bilməzdim. Çünki çıxış etdiyim kürsü akademik naliyyətim deyil, həm də xalqımın tarixi ədaləti bərpa etməsinin təcəssümü idi. Bu mərasimdə ərazi bütövlüyü bərpa olunmuş, suveren və azad bir Azərbaycan gənci kimi danışmaq mənə misilsiz qürur bəxş etdi.
– Keçmiş məcburi köçkün olmaq nə qədər kədərli və ağır olsa da, bu, həm də sizin çiyninizə bir məsuliyyət də qoyurdu…
– Bəli, düz qeyd edirsiniz. Məcburi köçkünlük təkcə bir ailə hekayəsi deyil, eyni zamanda, üzərimizə düşən böyük bir məsuliyyət idi. Mən bu ağrılı tarixin içində böyümüşəm və bildiyim bir şey var idi ki, itirilmiş torpaqlar, yarımçıq qalan uşaqlıqlar, unudulmayan yurd həsrəti bizi daha da gücləndirməli idi. Ərazi bütövlüyü bərpa olunmuş və suveren ölkənin azad gəncləri olaraq bizim borcumuz Azərbaycanı beynəlxalq arenada layiqli şəkildə təmsil etməkdir. Əgər bu gün biz – Azərbaycan gəncləri azad və bütöv bir xalqın təmsilçisiyiksə, onda bu gerçəkliyi dünyaya doğru və güclü bir dillə çatdırmaq da bizim vəzifəmizdir. Mən bu hisslərlə yaşayıram və hər addımımı bu dəyərlərə əsaslanaraq atıram.
– ADA Universitetindəki təhsil illəriniz sizə hansı bacarıqları qazandırdı?
– ADA Universitetində keçirdiyim illər mənim üçün təkcə akademik təhsil dövrü deyil, həm də liderlik, sosial məsuliyyət və müstəqil düşüncə bacarıqlarımın formalaşdığı bir məktəb oldu. Xüsusilə “Public Speaking” dərsi mənim auditoriya qarşısında özümü ifadə etmə bacarığımı xeyli inkişaf etdirdi. Bu gün auditoriya qarşısında çıxış etdikdə və ya yüzlərlə insana müraciət etdikdə, o dərslərdə qazandığım özünəinam və strukturlaşdırılmış fikirlə danışma vərdişinin nə qədər önəmli olduğunu dərk edirəm. Fürsətdən istifadə edərək, ADA ailəsinə salam göndərirəm.
– Sizcə gənclərin beynəlxalq təşəbbüslərdə iştirak etmələri onlara nə qazandırır?
– Beynəlxalq təşəbbüslərdə iştirak gənclərə qlobal düşünməyi, müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmağı və öz ölkəsini dünyaya düzgün tanıtmağı öyrədir. Hər azərbaycanlı gənc beynəlxalq platformalarda bir mədəniyyət daşıyıcısıdır. Ümummilli Lider Heydər Əliyevin gənclərlə bağlı bir fikrini heç vaxt unutmuram: “Gənclər bu gün o qədər bilikli, savadlı, dünyagörüşlü olmalıdırlar ki, gələcəkdə müstəqil Azərbaycanın inkişafı onlara etibar oluna bilsin. “Bu sözlər bizim üçün sadəcə motivasiya deyil, həm də bir istiqamətdir. Hər zaman çalışmalıyıq ki, qazandığımız bilik və təcrübəni ölkəmizin inkişafına yönəldək.
-Bəs, gələcəklə bağlı planlarınız nədir?
– Zənnimcə, bu barədə konkret nəsə demək, hələ tezdir. Lakin harada olmağımdan asıl olmayaraq, bir Azərbaycan gənci kimi hər zaman dövlətimin yanındayam və bütün beynəlxalq arenalarda ölkəmi dünyaya tanıtmaq əsas hədəfimdir.