Mayın 16-da Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib.
Tədbirdə dövlət rəsmiləri, rektorlar, millət vəkilləri, eləcə də tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsert proqramında tələbələrin ifasında ulu öndərə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib və rəqs kompozisiyaları təqdim olunub. Final iştirakçılarının çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Festivalın əsas məqsədi gənclər arasında bədii yaradıcılığa marağı artırmaq, onların mədəni potensialını dəstəkləmək, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək və ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsindəki zəngin irsini təbliğ etməkdir.
Qeyd edək ki, müsabiqə-festivalın birinci mərhələsi cari ilin aprel-may aylarında ölkənin 26 ali təhsil müəssisəsində keçirilib. Ümumilikdə 1600-ə yaxın tələbə bu mərhələdə iştirak edib. Final mərhələsinə isə 391 tələbə vəsiqə qazanaraq çıxışlarını nümayiş etdirib.
Müsabiqənin qalibləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılacaqlar.