Gücümüz deyəsən elə kiçik yaşlı məktəblilərə çatır. Halbuki, təhsilimizdə monitorinq keçirilməsinə zərurət yaranan o qədər problemlərimiz var ki…
Elmi-kütləvi ədəbiyyatda monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin, təhsil xidmətlərinin keyfiyyət dinamikasının öyrənilməsi və proqnozlaşdırılması kimi xarakteriza olunur. O da məlumdur ki, bu prosedur ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə təhsildə tətbiq olunmağa başlanmışdır. Hazırda nəinki, Azərbaycanda, hətta dünyanın inkişaf etmiş bir sıra digər ölkələrində də təhsildə monitorinq və qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb və demək olar ki, bir çox ölkələrdə əksər hallarda, lokal xarakter daşıyır.
Göründüyü kimi, təhsildə qiymətləndirmə sistemi təhsil işçisinin səmərəli fəaliyyətinin üzə çıxarılması və pedaqoji prosesin təkmilləşdirilməsi üçün vaxtında tələb olunan tədbirlərin görülməsi məqsədini daşımalıdır. Çünki qiymətləndirmə pedaqoji prosesi tənzimləməyə, keyfiyyətini yüksəltməyə, həm də mövcud çatışmazlıqlar barədə təhsili idarə edənlərin və valideynlərin məlumatlandırılmasına xidmət edən yeganə pedaqoji vasitə olduğundan, qiymətləndirmənin düzgün təşkili və qiymətləndirmə aparılarkən məqsədin aydın olması təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Ona görə də ümumtəhsil məktəblərində elmi, pedaqoji və psixoloji cəhətdən əsaslandırılmış monitorinq və qiymətləndirmənin aparılması təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinin ən mühüm şərtlərindən biridır.
Təlim-tərbiyə prosesinin keyfiyyətinin, şagirdlərin təlim nəticələrinin mütəmadi monitorinqi təhsilin məzmununun yeniləşməsi, təhsil standartlarının tətbiqi, dərs yükünün normallaşdırılması, təhsilalanların sağlamlığının qorunması və möhkəmləndirilməsi mənəvi tərbiyə problemlərinin kəskinləşdiyi şəraitdə də xüsusi əhəmiyyət kəsb edir. İndi məktəbin qarşısında duran əsas məsələlərdən biri ümumtəhsil məktəbində monitorinq və qiymətləndirmə sisteminin yaradılmasıdır. Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır.
Elə isə, monitorinq adı ilə şagird və valideynlərdə imtahan xofu yaratmaq hansı məntiqdən irəli gəlir…? Bakıda dördüncülərin monitorinqi zamanı yaranan qalmaqalla bağlı sosial şəbəkələrdə yayılan video görüntüləri nə ilə izah etmək olar. 4-cü sinif şagirdləri saat 09:00-da imtahana daxil olsalar da, sual vərəqələri onlara yalnız 3-4 saat sonra təqdim edilib. Şikayət edən valideynlərin sözlərinə görə, imtahan 150 dəqiqə ərzində yekunlaşmalı olsa da, uşaqlar 4-5 saat məktəbdə saxlanılıb və buraxılmayıblar. Bu isə məktəb əməkdaşları ilə imtahana nəzarət edən təhsil idarəsinin nümayəndələri arasında gərginliyə səbəb olub.
Mayın 18-də IV siniflər, mayın 19-da isə VI siniflər üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün ümumilikdə 300 minə yaxın məktəbli iştirak edəcəyi monitorinq keçiriləcəyi barədə qabaqcadan yayılan rəsmi məlumatda bildirilirdi ki. monitorinqlər ümumi təhsil müəssisələrinin IV siniflərində tədris dili və riyaziyyat, VI siniflərində isə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunur.Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edir. VI siniflərdə isə tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz məzmun xətlərini əhatə edir.IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir. Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. IV siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir. Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.Hər cavab bir balla qiymətləndirilir. Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir.
Elə isə bunun nəyi monitorinq oldu, bu ki, əməlli-başlı imtahandır axı… Bunun imtahandan yeganə fərqi ondan ibarətdir ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Halbuki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun 14.2-ci maddəsinə əsasən təhsilalanların bilikləri, bacarıqları və vərdişləri summativ və formativ qiymətləndirmə ilə müəyyən edilir: Monitorinq imtahanları isə bu qiymətləndirmə mexanizmlərinə daxil deyil və məktəbdaxili yarımillik və illik qiymətlərin formalaşmasına heç bir təsir göstərmir. Göründüyü kimi, monitorinq imtahanları bir qiymətləndirmə vasitəsi deyil, tədrisin keyfiyyətinə dair diaqnostik məlumat toplayan alətdir. Bu imtahanların məqsədi şagirdləri qiymətləndirmək deyil, istifadə olunan dərsliklərin effektivliyini, tədris metodlarının səmərəliliyini və ümumilikdə təhsil sisteminin mövcud vəziyyətini analiz etməkdir. Nəticələr yalnız təhlil və statistik məqsədlər üçün istifadə olunur.
Gücümüz deyəsən elə kiçik yaşlı məktəblilərə çatır. Halbuki, təhsilimizdə monitorinq keçirilməsinə zərurət yaranan o qədər problemlərimiz var ki… Bunlar sadalamaq isə bu, artıq başqa bir söhbətin mövzusudur…