Dərc olunub: 21.05.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin müasir təhsil yanaşmaları ilə tanışlığı və innovativ düşüncələrinin inkişafı məqsədilə  ADPU ENACTUS komandasının təşkilatçılığı və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə bir sıra maarifləndirici sessiyalar təşkil olunub.
Sessiyalarda tanınmış mütəxəssislər tədris prosesində yeni metod və alətlərin tətbiqi, layihə əsaslı və oyun əsaslı öyrənmənin tədrisdə rolu, eləcə də rəqəmsal platformalardan istifadənin perspektivləri haqqında ətraflı məlumat veriblər.
16 may tarixində baş tutan “Online Təhsil Platforması” adlı sessiyada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqi ilə çıxış edib. Görüşdə “Safavy” platformasının təsisçisi Könül Quliyeva onlayn təhsilin inkişaf dinamikası və tətbiq imkanları barədə təqdimatla çıxış edib.
19 may tarixində keçirilən “Gələcəyin təhsili: Layihə əsaslı öyrənməyə keçid” sessiyasında çıxış edən “Taskool” platformasının təsisçisi Nəriman Qarayev layihə əsaslı təhsil modelinin mahiyyəti və tədrisdəki effektivliyi ilə bağlı praktik nümunələr əsasında tələbələrlə müzakirə aparıb. Tədbirin açılışını ADPU ENACTUS komandasının rəhbəri Şahin Məmmədli, təqdimat hissəsini isə Aytac Abbasova həyata keçirib.
20 may tarixində baş tutan “Məktəbdə interaktiv oyunlardan istifadənin yolları” adlı sessiyanın açılışını komandanın koordinatoru Zenfira Seyidova həyata keçirib. “Bilim Bakı” mərkəzinin müəllimi Aynur Hüseynova tədrisdə oyun metodikasının tətbiqi və şagird motivasiyasının artırılmasına dair praktiki tövsiyələrini bölüşüb.
Sessiyalar tələbələrin böyük marağı ilə qarşılanıb və hər üç görüş interaktiv müzakirələr, sual-cavab sessiyaları formasında keçib.