10-16 may tarixlərində ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasında Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Tağızadə Nicat və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.
Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) orta məktəb şagirdləri arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır. Artıq 14 ildir ki, məktəblilərimiz bu mötəbər yarışda iştirak edir və ötən ildə olduğu kimi bu dəfə də Grand mükafat qazanmağa müvəffəq olublar.
Mektebgushesi.az “Azərbaycan müəllimi” nə istinadən həmin şagirdləri oxuculara təqdim edir.
“Kompüter sahəsində ixtisaslaşmaq mənə arzularımı reallaşdırmaq üçün geniş imkanlar verəcək”
Nicat Tağızadə Avropa Azərbaycan Məktəbində 11-ci sinifdə oxuyur. O, IB (International Baccalaureate) proqramı üzrə təhsil alır. Nicatın kompüter elmlərinə olan dərin marağı və texnologiyaya olan sevgisi bu sahədə onu daha dərindən inkişaf etməyə sövq edir: “Gələcəkdə ABŞ-nin top universitetlərində kompüter sahəsi üzrə ali təhsil almağı və özümü beynəlxalq səviyyədə sübut etməyi qarşıma məqsəd qoymuşam. Ümumiyyətlə, təhsil aldığım müddət ərzində əldə etdiyim uğurlar bu məqsədimin təməlini qoyur. Mart ayında “Sabahın alimləri” müsabiqəsində seçilərək, ABŞ-də keçirilən nüfuzlu ISEF (International Science and Engineering Fair) yarışmasında ölkəmizi təmsil etmək şərəfinə nail oldum. “Kompüter elmləri” kateqoriyası üzrə 4-cü yeri qazanaraq bürünc medala layiq görüldüm. Bu uğur, təkcə fərdi nailiyyətim deyil, həm də ölkəmi qürurla təmsil etdiyim bir məqamdır”.

Bundan əlavə, o, müxtəlif beynəlxalq və yerli yarışmalarda da iştirak edib. Dünya Robot Olimpiadasının Azərbaycan turu, Litva və Türkiyədəki ISEF alt yarışmaları, VILIPO, iWise və BUCE IMSEEF kimi tədbirlərdə təcrübə qazanıb. Bu yarışmalar Nicata həm elmi biliklərini inkişaf etdirmək, həm də qlobal miqyasda rəqabət aparmaq imkanı verib: “Kompüter elmlərinə olan marağımın səbəbi sadəcə texnologiyanın sürətli inkişafı deyil. Mən bu sahəni seçdim, çünki müasir dövrün problemlərinə həll yolları yaratmaq, insan həyatını asanlaşdırmaq və cəmiyyətə faydalı olmaq istəyirəm. Düşünürəm ki, kompüter sahədə ixtisaslaşmaq mənə bu arzularımı reallaşdırmaq üçün geniş imkanlar verəcək”.
Nicat deyir ki, təhsil onun üçün əsas olsa da, balanslı həyatın vacibliyini də anlayır: “Futbol mənim üçün sadəcə bir hobbi deyil, həm də komanda ruhunu və mübarizə əzmini öyrədən bir məktəb olub. Vaxtilə SABAH klubunun “U-12” komandasında peşəkar şəkildə futbol oynamışam. Dərslərim səbəbilə bu fəaliyyətimə fasilə verməli olsam da, hələ də boş vaxtlarımda dostlarımla futbol oynamağa davam edirəm. Elm və texnologiyaya olan marağım məni sadəcə yarışmalara deyil, eyni zamanda fərdi inkişafımı da davam etdirməyə təşviq edib. Məktəbdəki dərs saatlarından sonra əlavə olaraq hər gün 2-3 saatımı əlavə dərslərə və layihələrə həsr edirəm. Buraxılış imtahanına xüsusi hazırlıq etmədən 220 bal toplamışam, lakin əsas məqsədim IB diplomu ilə ABŞ-nin yüksək reytinqli universitetlərindən birində təhsil almaq və dünyada texnologiyanın inkişafına töhfə verməkdir”.

“Bayrağımızın orada dalğalanması, ölkəmizin adının çəkilməsi bizim üçün böyük fəxr idi”
143 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Tural Abdinli “Sabahın alimləri” müsabiqəsində “Kompüter elmləri” kateqoriyası üzrə 2-ci yerə layiq görülərək ölkəmizə böyük qürur yaşadıb. Bu nailiyyət ona dünyanın ən nüfuzlu elmi sərgilərindən biri olan ISEF-də (Intel International Science and Engineering Fair) Azərbaycanı təmsil etmək imkanı qazandırıb. Tural bu uğurunu sadəcə bir yarışda qazandığı mükafat kimi deyil, bir mərhələ kimi dəyərləndirir: “Biz layihəmizi təkmilləşdirərək beynəlxalq səviyyəyə uyğunlaşdırdıq. Dünyanın ən nüfuzlu müsabiqəsi olan İSEF-ə 70-dən çox ölkədən 1600-ə yaxın iştirakçı qatılıb və öz işlərini təqdim ediblər. Münsiflər qarşısında layihəmizi uğurla təqdim etdik. Suallara verdiyimiz cavablar da uğurumuzda böyük rol oynadı. Grand mükafat qazandıq. Bayrağımızın orada dalğalanması, ölkəmizin adının çəkilməsi bizim üçün böyük fəxr idi. Qürur duyuruq ki, Azərbaycanı təmsil edə bildik”.

O da təhsilini xaricdə davam etdirmək istəyir. Buna görə də IELTS, TOEFL kimi imtahanlardan yüksək nəticə əldə etməyi hədəfləyib. Hazırda Tural SAT-a hazırlaşır. Turalın uğurlarının arxasında isə gündəlik intizam və motivasiya dayanır: “Hər səhər özüm üçün gündəlik plan qururam. Bəzən bütün işləri yerinə yetirə bilirəm, bəzən isə tam alınmır. Amma bu planlaşdırmanı bir vərdiş halına gətirmişəm. Hər gün bir addım irəlilədiyimi hiss etdikcə motivasiyam artır. Məsələn, “Sabahın alimləri”ndə 2-ci yeri tutdumsa, düşündüm ki, niyə birincilik olmadı. Bu düşüncə məni daha böyük məqsədlərə doğru yönləndirir”.
Tünzalə Quliyeva