Dərc olunub: 21.05.2025

Astronomlar Yerə yaxın məsafədə yerləşən TRAPPIST-1 ulduz sistemində maye su ilə örtülü ola biləcək planetlər aşkar ediblər. Bu, onların yaşamaq üçün əlverişli ola biləcəyini göstərir.

Oxu.Az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri “arXiv” platformasında dərc olunub.

TRAPPIST-1 sistemi Yer kürəsindən təxminən 40 işıq ili uzaqda yerləşir. O, Günəşə bənzəməyən, daha soyuq və kiçik olan “qırmızı cırtdan” tipli ulduzu əhatə edir. Sistem 7 qaya tipli (Yerlə oxşar) planetdən ibarətdir. Onlardan 3-ü “yaşanabilinən zona”da – temperaturun maye suyun mövcudluğuna imkan verdiyi bölgədə yerləşir.

Yeni müşahidələr göstərir ki, bu planetlərin bəzilərində su buxarı və atmosferdə oksigen ola bilər. Bu isə onların vulkanik aktivlik nəticəsində daxili su ehtiyatlarını səthə çıxara bilmə ehtimalını artırır.

Alimlər Günəş sistemindəki planetlərin xüsusiyyətlərini əsas götürərək TRAPPIST-1-də yerləşən planetlər üçün qaz buraxılması və maqma hərəkəti modelləri qurublar. Nəticələr göstərib ki, bəzi hallarda bu planetlərdə qaz buraxılma sürəti Yerə nisbətən daha yüksək ola bilər.

Ən maraqlı nəticələrdən biri isə bu planetlərdəki su miqdarının Yer kürəsinə nisbətən qat-qat çox ola bilməsidir. Məsələn, Yerdə su, planetin ümumi kütləsinin cəmi 0,02%-ni təşkil edirsə, TRAPPIST-1 sistemindəki planetlərdə bu göstərici 1%-ə çata bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, bu planetlərin həqiqətən yaşama əlverişli olub-olmadığını söyləmək üçün daha çox dəqiqləşdirilmiş müşahidələrə ehtiyac var. Bəzi planetlərdə vulkanik aktivliyin zəif olduğu, bəzilərində isə quru mantiya strukturları müşahidə edilib.

Lakin ümumi nəticələr nikbindir: bu planetlər, böyük ehtimalla, maye su ilə örtülü “su dünyalarıdır”.

Bu kəşf Yerə nisbətən yaxın məsafədə başqa həyat formalarının ola biləcəyi ehtimalını bir qədər də artırır.