Lənkəran Dövlət Universitetində (LDU) 2025-ci ilin Azərbaycanda “Konstitusiya və suverenlik ili” elan edilməsi, həmçinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitunun 80 illik yubileyi ilə əlaqədar “Regionlarda elm və təhsilin inteqrasiyası” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açıb və iştirakçılara dəyirmi masanın elmi mahiyyəti, məqsəd və vəzifələri, əhəmiyyəti barədə açıqlama verib, belə elmi görüşlərin tələbə və müəllimlər üçün vacib olduğunu bildirib. AR ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Baş direktor vəzifəsini icra edən dos. Zaur İmrani təmsil etdiyi qurumda bu istiqamətdə görülən işlərdən, elmi araşdırmalardan, qarşıdakı perspektivlərdən və LDU ilə elmi əməkdaşlığın səmərəliliyindən söz açıb.
LDU-nun “Tarix-coğrafiya və incəsənət” fakültəsinin dekanı, dos. Afaq Qasımova “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının banisidir”, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müdiri Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi”, dos. Qorxmaz Ağayev “Lənkəran təbii vilayətində bərpa olunan enerji mənbələrindən istifadə imkanları və gələcək perspektivləri (geotermal mənbələr nümunəsində)”, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarından dos. Müseyib Yunusov “Respublikamızda elm və təhsilin inteqrasiya problemləri”,dos. Solmaz Rzayeva “Lənkəran-Astara iqtisadi rayonunda tibbi-coğrafi baxımdan əhalinin sağlamlığına təsir edən amillərin tədqiqi”, c.ü.f.d. Nicat İmamverdiyev “Azərbaycanda yaşıl enerji transformasiyası: mövcud vəziyyət və inkişaf perspektivləri”, kiçik elmi işçi Nazim Gəraylı “Süni intellekt və GİS: Yeni inteqrasiya imkanları” mövzularında çıxış ediblər.
Dəyirmi masa açıq polemika və diskussiya şəraitində keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.