Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maarifləndirici görüş keçirilib.
Tədbirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərə qarşı maarifləndirmənin gücləndirilməsi və gənclərin bu sahədə fəallığının artırılması olub.
Tədbirdə Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev və idarənin əməkdaşları, ADNSU-nun Ümumi işlər üzrə prorektoru Elnur İsmayılov, fakültə dekanları və tələbələr iştirak ediblər.
Prorektor Elnur İsmayılov tədbiri açaraq çıxışında görüşün əhəmiyyətindən bəhs edib. O bildirib ki, ölkəmizdə gənclərin sağlam və layiqli vətəndaş kimi formalaşması, keyfiyyətli təhsil alması daim dövlətin diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra dövlət proqramlarının həyata keçirildiyini qeyd edən prorektor vətəndaşların təhlükəsiz şəraitdə yaşaması və xüsusilə gənclərin zərərli vərdişlərdən qorunmasında polis orqanlarının mühüm rol oynadığını vurğulayıb.
Tədbirdə çıxış edən Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev zərərli vərdişlərdən, xüsusilə narkomaniyadan uzaq durmağın vacibliyini diqqətə çatdırıb. O, mövzu ilə bağlı təqdimatla çıxış edərək dövriyyədən çıxarılan narkotik vasitələr, narkomaniyanın qarşısının alınması sahəsində görülən tədbirlər və aktual statistik göstəricilər barədə məlumat verib. Gəncləri ayıq-sayıq olmağa çağıran Vüqar Ağayev sağlam həyat tərzinin fərdi və ictimai rifah üçün vacibliyini vurğulayıb.
Görüş zamanı tələbələrin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.