Mayın 22-də Azəbaycan Dövlət Pedaqoji Universitetində “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mövsümünün rəsmi bağlanış və mükafatlandırma mərasimi keçirilib. Bağlanış mərasimində dövlət rəsmiləri, Pedaqoji Universitetin rəhbərliyi, təhsil ictimaiyyətinin nümayəndələri, KİV təmsilçilləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, müsabiqənin Təşkilat Komitəsinin sədri professor Cəfər Cəfərov qeyd edib ki, əsas məqsədi universitetin istedadlı və liderlik bacarığı olan tələbələrini seçmək, onların peşəkar inkişafına dəstək olmaq və tələbələr arasından potensial kadr bankını formalaşdırmaq olan, ali təhsil müəssisələri arasında ilk dəfə ADPU-da keçirilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsi artıq bir ənənəyə çevrilib. İkinci mövsümünü geridə qoyan müsabiqədə iştirakçılar yalnız nəzəri biliklərini deyil, həm də öz liderlik keyfiyyətlərini, innovativ yanaşmalarını və sosial məsuliyyətlərini nümayiş etdirmək fürsəti əldə ediblər. Müsabiqənin builki 10 qalibi böyük rəqabət mühitində uğur qazanaraq, hər biri 1000 manat məbləğində pul mükafatı, müxtəlif hədiyyələr və ən önəmlisi — Təşkilat Komitəsi tərəfindən təyin olunan mentorlarla 1 illik peşəkar inkişaf proqramında iştirak hüququ əldə ediblər. Eyni zamanda, müsabiqənin I mövsümünün qalibi olan 15 tələbə artıq mentorluq proqramını uğurla tamamlayıb. Pedaqoji Universitetin hər zaman gənclərin hərtərəfli inkişafına xidmət edən layihələri dəstəklədiyini vurğulayan rektor müsabiqənin davamlı olacağına ümid etdiyini qeyd edib.
Layihə rəhbəri, ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev təqdimat edərək, ümumilikdə qeydiyyat və 3 mərhələdən ibarət olan müsabiqənin II mövsümünə qeydiyyatdan keçən 800-dək tələbədən 650 nəfərə qədərinin müsabiqədə iştirak hüququ qazandığını vurğulayıb. Martın 15-də onlardan 400 nəfərdən çoxunun iştirak etdiyi I mərhələ üzrə imtahanlarda iştirakçıların ümumi dünyagörüşünü yoxlayan suallar təqdim olunub. II mərhələ olan yarımfinalda əvvəlki mərhələdə uğurlu nəticə göstərən 231 nəfər iştirak edib. Aprelin 12-də təşkil edilən yarımfinalda tələbələr “İnformasiya ilə iş”, “Məntiqi təfəkkür”, “Mətn üzərində verbal təhlil” və ilk dəfə tətbiq edilən “İdarəetmə” blokları üzrə tapşırıqları cavablandırıblar. Müsabiqənin mayın 9-da keçirilən final mərhələsində isə yarımfinalda uğur qazanaraq finala vəsiqə qazanmış 105 nəfər iştirak edib. Komandalar daxilində qiymətləndirmə konfransları formatında təşkil edilən finalda iştirakçıların kommunikasiya və komanda ilə iş, liderlik, sosial məsuliyyət, effektiv və strateji düşüncə, nəticəyə yönəlmə, dəyişikliklərin idarə edilməsi və layihə idarəetməsi kimi bacarıqlarını qiymətləndirən müxtəlif keyslər təqdim olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov layihəni yüksək qiymətləndirərək, belə təşəbbüslərin təhsildə strateji liderlik mədəniyyətinin formalaşdırılmasında vacib rol oynadığını bildirib. Müasir dövrdə təhsilin idarəolunması sahəsində yenilikçi düşüncəyə, strateji yanaşmaya malik, liderlik xüsusiyyətləri və sosial istedadları güclü olan kadrların hazırlanmasının zəruriliyini vurğulayan nazir müavini müsabiqənin bu baxımdan əhəmiyyətinə toxunub.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev isə çıxışında ADPU-da belə bir təşəbbüsün həyata keçirilməsini müsbət hal kimi dəyərləndirib. F.Hacıyev “Yüksəliş” müsabiqəsinin bu kimi müsabiqələrə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.
Müsabiqənin baş sponsoru olan “bp” şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bildirib ki, “bp” təhsilə və gənclərin inkişafına dəstək göstərməyi öz korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri hesab edir. B.Aslanbəyli ADPU-nun “bp” şirkətinin vacib tərəfdaşlarından biri olduğunu və bu cür innovativ layihələrdə əməkdaşlığın davamlı olacağını qeyd edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müşaviri Aliyə Əliyeva çıxışında ali təhsil müəssisələrinin belə təşəbbüslərlə tələbələrin qeyri-formal bacarıqlarını inkişaf etdirməsinin olduqca müsbət bir tendensiya olduğunu vurğulayıb.
Rəsmi hissəsindən sonra müsabiqənin cari mövsümünün 10 qalibi, müsabiqənin İşçi qrupunun üzvləri, ekspertləri və ötən ilin qalibi olaraq mentorluq proqramını uğurla tamamlayan tələbə və məzunlar mükafatlandırılıblar.
Tədbir universitet daxilində fəaliyyət göstərən tələbə təşkilatlarının aktiv tələbələrinin iştirakı ilə hazırlanan bədii hissə ilə yekunlaşıb. Bədii hissədə, həmçinin müsabiqənin qaliblərindən olan Gülay İmanzadənin pianoda ifası xüsusi rəğbətlə qarşılanıb.