Dərc olunub: 22.05.2025

Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) yaradılmasının 20 illiyi münasibətilə “G20 – Gənclikdən gələcəyə” adlı tədbir keçirilib.

Universitet rəhbərliyi və TGT məzunlarının iştirak etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov təşkilatın universitet həyatına verdiyi dəyərli töhfələrdən danışıb, könüllü fəaliyyətin əhəmiyyətini vurğulayıb. Rektor ADPU TGT-nin tələbələrin liderlik bacarıqlarının formalaşmasında və ictimai fəallığının artmasında mühüm rol oynadığını xüsusi qeyd edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və ADPU TGT-nin hazırkı sədri Çiçək Sultanlı çıxış edərək, təşkilatın 20 illik zəngin və dinamik fəaliyyətini qeyd edib.

Tədbirin davamında 20 il ərzində ADPU TGT-nin bir parçası olmuş, tarixinə iz qoymuş məzunların fikirləri və xatirələrinin əks olunduğu videoçarx nümayiş olunub.

Daha sonra Azərbayacan Milli Konservatoriyasının tələbəsinin ifasında “Getmə Amandı” mahnısı dinlənilib. Gənc və istedadlı ifaçılar – Cavidan Fatihi və skripka ifaçısı Nahid Rüstəmli ifaları ilə tədbirə xüsusi rəng qatıblar.

Tədbirdə ADPU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova tərəfindən ADPU TGT-nin 20 yaşı münasibətilə Çiçək Sultanlıya xatirə hədiyyəsi təqdim olunub.

Milli mədəniyyətimizi əks etdirən “Uzundərə” rəqsinin Odlar Yurdu Universiteti tələbələri tərəfindən təqdim olunmasından sonra Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatının sədri Xəyal Məmmədovun ifası, tələbələrin tar və kamançada müşayəti ilə “Bayatı-şiraz təsnifi”, Azərbaycan Milli Konservatoriyasının tələbəsi tərəfindən ⁠”Mənim Azərbaycanım” mahnısı ifa olunub.

Tədbirdə, eyni zamanda, tələbələr tərəfindən çəkilən, təşkilatda tarix boyu istifadə olunan loqolar sərgilənib.