Bakı Dövlət Universitetinin (BDU) bir qrup əməkdaşı Türkiyənin Ankara Sosial Elmlər Universitetində olub.
Ziyarət zamanı Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan BDU-nun nümayəndə heyəti ilə görüşüb.
BDU-dan bildirilib ki, görüşdə Bakı Dövlət Universiteti və Ankara Sosial Elmlər Universiteti arasında əməkdaşlıq müzakirə olunub, BDU-da innovasiya ekosistemi və texnoparkların qurulmasının vacibliyi vurğulanıb. İnnovasiya sahəsində kadr potensialının artırılması, təhsildə sosial innovasiya fəaliyyətinin dəstəklənməsi, ideyaları inkişaf etdirmək üçün tələbələrə dəstək göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən ziyarət çərçivəsində nümayəndə heyəti Ankara Sosial Elmlər Universitetinin Sosiokəndində, Orta Doğu Texniki Universitetinin Texnoparkında, Türkiyə Elm və Texnika Komitəsi (TÜBİTAK), Ankara İnkişaf Agentliyində olublar. Həmçinin Ankara Sosial Elmlər Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.
Səfər BDU-da sosiokənd sistemi və Sosial İnnovasiya Mərkəzinin yaradılması istiqamətində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilib.
Qeyd edək ki, sosial elmlər sahəsində hər iki universitet arasında səmərəli əməkdaşlıq mövcuddur. 2023-cü ildə BDU və Ankara Sosial Elmlər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində Ankara Sosial Elmlər Universiteti ilə birgə sosial elmi-tədqiqat layihələrinin həyata keçirilməsi qərara alınıb.




