Mingəçevir Dövlət Universiteti (MDU) regionda informasiya texnologiyaları sahəsində dünya liderlərindən olan “Cisco Networking Academy” ilə rəsmi əməkdaşlıqla bağlı Niyyət protokolu imzalayıb. Universitet olaraq artıq, Cisco NetAcad proqramının rəsmi akademik tərəfdaşı statusunu qazanaraq, regionda informasiya texnologiyaları sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirib.
Bu münasibətlə 2025-ci ilin 22 may tarixində MDU-nun rektoru Anar Eminov Cisco “Networking Academy”nin Azərbaycanda rəsmi nümayəndəsi olan “NetLine Technology” MMC-nin icraçı direktoru Fərid Əmirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı tərəflər arasında əməkdaşlığın istiqamətləri və gələcək fəaliyyət planları ətraflı müzakirə olunub, yekunda tərəflər arasında Niyyət Protokolu imzalanıb.
İmzalanan Niyyət Protokolunda əməkdaşlığın məqsədi informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində strateji tərəfdaşlıq əlaqələrinin qurulması, tələbə və müəllim heyətinin beynəlxalq səviyyəli təlim proqramlarına qoşulması və rəqəmsal bacarıqlarının artırılması kimi mühüm məsələlər yer alıb. Protokola əsasən, universitetdə Cisco-nun tanınmış kursları, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter elmləri və Kompüter mühəndisliyi ixtisaslarının fənn proqramlarının və sillabuslarının təkmilləşdirilməsi, o cümlədən Kompüter Şəbəkələri (CCNA), Proqramlaşdırma (Python Essentials, C & C++ Essentials), Sistem idarəetməsi (Linux Essentials), Cloud Security, Mikroservislər və konteyner texnologiyaları, Süni İntellekt, Məlumat elmi və Kibergigiyena üzrə dərslərinin MDU-da tədris edilməsi də nəzərdə tutulub.
Əməkdaşlıq çərçivəsində tələbələr Cisco tərəfindən təqdim olunan beynəlxalq səviyyəli tədris və vəsaitlərə, interaktiv tədris resurslarına, real və simulyativ laboratoriyalara çıxış əldə edəcəklər. Cisco NetAcad platforması tələbələrə qlobal əmək bazarında rəqabətədavamlı olmaq üçün beynəlxalq sertifikatlar əldə etmək, dünya şirkətləri ilə əlaqələr qurmaq və təcrübə proqramlarında iştirak etmək kimi üstün imkanlar təqdim edəcək.
MDU-nun müəllim heyəti Cisco tərəfindən təşkil edilən peşəkar təlimlərdə iştirak edərək, beynəlxalq səviyyədə tanınan “Instructor” statusu qazanacaqlar. Bu isə universitetdə tədrisin keyfiyyətini yeni səviyyəyə yüksəldilməsində öz töhfələrini verəcəkdir.
Tədbirin davamında universitetdə yeni yaradılan Cisco Tədris Mərkəzinin açılış mərasimi keçirilib və qonaqlar mərkəzdə yaradılan müasir tədris şəraiti ilə yaxından tanış olublar. Daha sonra universitetin Kibertəhlükəsizlik laboratoriyası və STEM mərkəzinə də baxış keçirilib və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.