Dərc olunub: 22.05.2025

Türk dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır. Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Budapeştə keçirilən sammit zamanı danışıb. O, bununla türk dövlətlərinin elm sahəsində daha da yaxınlaşacağını vurğulayıb.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatlarına (TDT) üzv ölkələrdə müxtəlif birgə universitetlər olsa da, vahid universitet yoxdur. Ölkələr təhsil sahəsində əməkdaşlıq edir və yeni birgə universitetin yaradılması bu əməkdaşlığı daha da dərinləşdirə bilər.

“Mirziyoyevin təklifi əhəmiyyətli təşəbbüsdür”

Mektebgushesi.az xəbər verir ki, Modern.az Mirziyoyevin təklifi ilə əlaqədar Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ilə həmsöhbət olub.

Deputat Elçin Mirzəbəyli Şavkat Mirziyoyevin təklifini əhəmiyyətli təşəbbüs hesab edir.

“İdeya reallaşdığı halda bütövlükdə təhsil sahəsində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında əlaqələrin genişləndirilməsinə, inteqrasiya prosesinə mühüm töhfə verə bilər. Mənim baxış bucağımdan belə bir universitetin formalaşması üçün vahid mərkəzin seçilməsi düzgün olmazdı. Faktiki olaraq vahid bir universitet və onun ayrı-ayrı fakültələri Türk dövlətlərinə üzv olan və yaxud müşahidəçi ölkələrdə olsa, qənaətimə görə daha doğru olar. Bu, prosesə ümumilikdə təkan verə bilər. Hər bir dövlətdə konkret bir sahə daha yaxşı inkişaf edib. Məsələn Azərbaycanda neft, enerji, yaşıl enerji ilə, Özbəkistanda pambıqçılıqla bağlı ixtisaslar buna nümunə ola bilər. Türk Universitetinin ayrı-ayrı fakultələri bütün türk dünyasına səpələnərsə, bu, o zaman daha çox inteqrasiya prosesinə öz töhfəsini verə bilər”.

“Bu gün türk dövlətləri təhsil sahəsində də fəal əməkdaşlıq edirlər”.

Elm və təhsil komitəsinin digər bir üzvü Samir Vəliyev isə söyləyib ki, türk dövlətləri ikitərəfli qaydada elm və təhsil sahəsində əməkdşalıq edirlər:

“O cümlədən, Azərbaycanın da digər türk ölkələri ilə bu sahədə geniş əlaqələri mövcuddur. Həm müvafiq dövlət qurumlarımız, həm də ali məktəblərimiz qarşılıqlı əməkdaşlıq edir.
Türk birliyini gücləndirmək, bunun əhəmiyyətini gənclərə aşılamaq üçün orta və ali məktəb dərsliklərində türk xalqlarının tarixinə geniş yer verilməlidir. Bu baxımdan, Özbəkistan Prezidentinin təklifi çox əhəmiyyətlidir”.

“Belə bir universitetin yaradılması, bütün türk ölkələrindən tələbələrin bir yerdə təhsil alması elm və təhsil sahəsində təcrübə mübadiləsi ilə yanaşı, ortaq tariximizin öyrənilməsi və türk birliyinin daha da güclənməsi nöqteyi-nəzərindən önəmlidir. Çünki həmin universitetdə təhsil alan gənclər sabah öz ölkələrində peşəkar kadrlar kimi çalışacaqlar. Bu da gələcəkdə birliyimizin daha da güclənməsinə öz töhfəsini verəcək”,-deyə Samir Vəliyev vurğulayıb.

Türk dünyasının birgə universiteti YARADILIR