Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji inkişaf Mərkəzinin (ADPU SİM) təşkilatçılığı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Glasgow Universitetində doktorantura təhsili alan Minarə Fərzəliyevanın təqdimatında “Qloballaşan təhsil siyasətinə baxış: Sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı” mövzusunda seminar keçirilib. Seminarda ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov və müxtəlif ixtisaslaşmalar üzrə magistrantlar iştirak ediblər.
Seminarda Minarə Fərzəliyevanın təqdimatında qloballaşmanın mahiyyəti və ətrafındakı mübahisələr, təhsilin qlobal kontekstdə rolu və əhəmiyyəti, qlobal idarəetmə anlayışı, Vestfaliya və post-Vestfaliya dövlət modelləri arasındakı fərqlər, qlobal təhsil siyasətlərinin yayılma tendensiyaları, yumşaq idarəetmə və “sərt faktlar” arasındakı paradoks, təhsilə investisiya qoyuluşunun vacibliyi və bilik iqtisadiyyatının formalaşmasında təhsilin rolu mövzuları geniş şəkildə təqdim edilib.
Daha sonra prorektor Könül Pirverdiyeva çıxış edərək təhsilin qlobal tendensiyalar, çağırışlarını nəzərə alaraq, elmi əsaslı qərarların qəbul edilməsinin vacibliyini vurğulayıb. K.Pirverdiyeva həmçinin PİSA hesabatlarında təhsilin maliyyələşməsinin tədris keyfiyyətinə təsiri ilə bağlı faktlara toxunub. Prorektor qloballaşmanın təhsilə təsirini və bu sahədəki çağırışları aktual mövzu kimi qiymətləndirərək, təhsilin bilik iqtisadiyyatının əsas dayağı və qlobal vətəndaşlığın formalaşdırıcısı olduğunu qeyd edib. O, eyni zamanda, təhsil siyasətlərinin qlobal səviyyədə yayılma tendensiyalarını və yumşaq idarəetmənin artan əhəmiyyətini diqqətə çatdırıb.
Seminar interaktiv müzakirə və sual-cavab sessiyaları ilə davam edib.

