Dərc olunub: 23.05.2025
Mayın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən Təhsil Könüllüləri Tələbə Birliyinin (TKTB) hesabat iclası keçirilib.
İclasda ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, təşkilatın idarə heyətinin üzvləri və fəal könüllü tələbələr iştirak ediblər.
ADPU TKTB-nin sədri Səidə Abulova təşkilata sədrlik etdiyi bir il müddətində icra edilən layihələr və əldə olunan uğurlarla bağlı hesabatla çıxış edib. O qeyd edib ki, hesabat dövründə TKTB tərəfindən tələbələrin asudə vaxtının səmərəli təşkili və sosial aktivliklərinin artırılması məqsədilə çoxsaylı layihələr icra edilib, müxtəlif böyükmiqyaslı tədbirlər həyata keçirilib. Mütəmadi olaraq gənclərin bacarıq və istedadlarının inkişafına yönəlmiş dil, rəqs, rəsm, musiqi və yaradıcılıq dərnəkləri, intellektual yarışlarla yanaşı, il ərzində “Öyrədəndən öyrənənə”, “KönüllüSƏN”, “Ən öndəSƏN”, “StuDance” kimi bədii tədbirlər, “Karyera Forumu”, “Psixoloji marafon” kimi silsilə maarifləndirici seminarlar tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Bu müddət ərzində ona göstərilən etimada görə universitet rəhbərliyinə təşəkkürlərini çatdıran S.Abulova yeni sədr və İdarə Heyətinə uğurlar arzu edib.
Səidə Abulovanın hesabatı müsbət qiymətləndirilib.
Prorektor prof. Fikrət Rzayev çıxış edərək Təhsil Könüllüləri Tələbə Birliyinin fəaliyyəti və tələbələr arasında könüllülük hərəkatının rolu barədə fikirlərini bölüşüb. O, təşkilatın son illərdə həyata keçirdiyi layihələrin tələbələrin sosial aktivliyinin artırılması, liderlik keyfiyyətlərinin formalaşması və şəxsi inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Prof. F.Rzayev, həmçinin, keçmiş sədr Səidə Abulovaya təşəkkür edərək onun rəhbərliyi dövründə həyata keçirilən layihələrin universitet ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Prorektor yeni İdarə Heyətinin də təşkilatın uğurlu fəaliyyət ənənəsini davam etdirəcəyinə inandığını bildirib.
Çıxış edən Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi İsmayıl Nəsirov, universitetin Heydər Əliyev Mərkəzinin mütəxəssisi Tərlan Ağayev, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşları Məhəmməd İsrayılzadə və Elvin Vahidov S.Abulovanın rəhbərliyi altında TKTB-nin illik fəaliyyətininin yüksək qiymətə layiq olduğunu qeyd ediblər.
Universitet daxilində fəaliyyət göstərən digər tələbə təşkilatlarının nümayəndələri – Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Cəmilə Qurbanova, Tələbə Gənclər Təşkilatının sədri Çiçək Sultanlı və Yeni Klubun sədri Məleykə İsmayılova keçmiş sədrin fəaliyyətini dəyərləndirib və təəssüratlarını bölüşüblər, həmçinin yeni heyətə uğur arzulayıblar.
Sonra TKTB-nin yeni İdarə Heyəti iştirakçılara təqdim edilib. SABAH qruplarının tələbəsi Aydan Süleymanlı TKTB-nin yeni sədri seçilib. Yeni heyətdə Aynur Mirzəlizadə və Mirşahin İsmayılzadə sədr müavini, Sevin Kərimova isə sədr köməkçisi vəzifəsini yerinə yetirəcək.
Yeni sədr Aydan Süleymanlı keçmiş sədrə fəaliyyəti üçün təşəkkürünü bildirib və təşkilatın fəaliyyətini daha da inkişaf etdirmək üçün qarşıya qoyulan hədəflərdən söz açıb. Ona göstərilən etimadı doğruldacağına ümid etdiyini bildirən A.Süleymanlı TKTB-nin gələcək fəaliyyətinin tələbələrin təşəbbüslərinin dəstəklənməsi, könüllülük dəyərlərinin təşviqi və sosial aktivliyin artırılmasına yönələcəyini vurğulayıb.