Mektebgushesi

Dərc olunub: 23.05.2025

11-15 may 2025-ci il tarixlərində Cənubi Koreyanın Seul şəhərində İnformatika üzrə Beynəlxalq “Bebras” Müsabiqəsinin konfransı keçirilib.

Mektebgushesi.az xəbər verir ki,  Azərbaycan “Bebras” müsabiqəsinin tamhüquqlu üzvü seçilib.

Bildirilib ki, “Bebras” müsabiqəsinə qoşulmuş ölkələrin nümayəndələri hər il təşkil olunan bu konfransda iştirak edir. Konfrans çərçivəsində ənənəvi olaraq növbəti il üçün məsələlərin yekun versiyaları hazırlanıb. Bundan başqa, müsabiqə ilə bağlı bir sıra mühüm qərarlar qəbul edilib, o cümlədən yeni tamhüquqlu üzvlərin seçimi aparılıb.

Əvvəlki illərlə müqayisədə, Azərbaycan bu il konfransa daha geniş tərkibdə qatılıb. Nümayəndə heyətində “Bebras”ın Azərbaycandakı rəsmi nümayəndəsi “ÖzünÖyrən” MMC-nin təmsilçiləri A.Əliyev və Z.Əlizadə, Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları Q.Mustafayev və G.Əsədova yer alıb.

“Bebras” müsabiqəsinin Azərbaycan üzrə koordinatoru Adil Əliyevin sözlərinə görə, bu il bir neçə ölkə tamhüquqlu üzvlük üçün müraciət etsə də, yalnız Azərbaycan bu statusu qazanmağa nail olub. “Səsvermə zamanı bütün üzv ölkələr Azərbaycanın tamhüquqlu üzv seçilməsinə müsbət səs verdi. Bu, son iki ildə “Bebras” müsabiqəsini ölkəmizdə uğurla təşkil etməyimizin nəticəsidir,” – deyə Adil Əliyev bildirib.

Qeyd edək ki, “Bebras” müsabiqəsi məktəblilər arasında informatika və hesablama təfəkkürünü təşviq edən beynəlxalq təşəbbüsdür. Müsabiqədə şagirdlər kompüter və ya mobil cihazlar vasitəsilə iştirak edirlər. Hazırda müsabiqəyə qoşulmuş 80-dən çox ölkə var. Rəsmi prosedurlara görə ölkələr əvvəlcə “müvəqqəti” üzv kimi qəbul edilir və iki il ərzində uğurlu təşkilatçılıqdan sonra tamhüquqlu üzvlüyə namizəd ola bilirlər.

Azərbaycanda “Bebras” müsabiqəsi 2024-cü ildə 60-dan çox şəhər və rayonda təşkil olunub və 17 000-dən çox şagird iştirak edib. Müsabiqə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi, həmçinin Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə keçirilir. Bu il 12 aprel tarixində keçirilən yarımfinal mərhələsi Azərbaycan Texniki Universitetində baş tutub və 400-dən çox şagird yarışıb. Final mərhələsi isə iyun ayında keçiriləcək.

Seulda keçirilən beynəlxalq konfrans zamanı “Bebras” müsabiqəsinin növbəti il üçün bir sıra məsələləri müzakirə olunub və gələcək planlar müəyyənləşdirilib. Builki tədbirə Seul Milli Universiteti ev sahibliyi edib. 2026-cı ildə “Bebras” konfransına İngiltərənin Kembric Universiteti ev sahibliyi edəcək.

Adil Əliyevin sözlərinə görə, 2025-ci ildə Azərbaycanda “Bebras” müsabiqəsinin təşkili ilə bağlı bir sıra yeniliklər planlaşdırılır. Bunlara xüsusi hazırlıq materiallarının hazırlanması, müəllimlərin daha aktiv şəkildə təşkilati işlərə cəlb olunması və müsabiqə sonrası tapşırıqların təhlili vasitəsilə yarışın öyrədici funksiyasının gücləndirilməsi daxildir.

Azərbaycanın tamhüquqlu üzv seçilməsi ölkəmizdə informatikanın və hesablama təfəkkürünün tədrisinə beynəlxalq səviyyədə verilən dəyərin göstəricisidir. Bu uğurda minlərlə müəllim və şagirdin əməyi dayanır.