Lənkəran Dövlət Universitetində (LDU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Süni intellektlə elmi tədqiqatların effektiv təşkili: “Scopus AI” alətinin imkanları” mövzusunda infosessiya keçirilib. Tədbiri LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açaraq infosessiyanın olduqca vacib mövzuya həsr olunduğunu, tədqiqatçılar üçün böyük önəm daşıdığını deyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Nərminə Abdullayeva iştirakçılara “Scopus” elmmetrik bazasından səmərəli istifadə, “Scopus AI” süni intellekt alətinin imkanları ilə bağlı ətraflı məlumat verib. Əhatəli ədəbiyyat və kvartillər üzrə jurnal axtarışı strategiyaları, tədqiqat trendləri, istinadlar, qurum və müəllif profilləri və tədqiqat təsirlərinin təhlili, “Scopus AI” aləti vasitəsilə tədqiqat prosesinin sürətləndirilməsi və vaxta qənaət, etibarlı və aktuallığı təsdiqlənmiş mənbələrə əsaslanaraq tədqiqat keyfiyyətinin artırılması və s. barədə danışıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Elmi tədqiqat fəaliyyətilə məşğul olanlar üçün tanışlıq məqsədi daşıyan infosessiyada LDU-nun professor-müəllim heyəti ilə yanaşı gənc tədqiqatçılar, magistrant, doktorant, dissertantlar iştirak ediblər.