Dərc olunub: 23.05.2025

 

Lənkəran Dövlət Universitetinin (LDU) “Filologiya və ibtidai təhsil” fakültəsində çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ictimai xadim, ədəbiyyatşünas alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə  “Bəxtiyar Vahabzadə: Sözün və Fikrin Dahisi” mövzusunda Elmi seminar keçirilib.

Tədbiri  “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı dos. Elman Mirzəyev açaraq Elmi seminarın Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən təşkil edildiyini diqqətə çatdıraraq ustad sənətkarın Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan, elmi və pedaqoji fəaliyyətindən, bədii yaradıcılığından danışıb.

“Azərbaycan dili və ədəbiyyat”kafedrasının müdiri, dos. Qədim Rufullayev “B.Vahabzadənin yaradıcılığı”, dos. Əlirza Əliyev “B.Vahabzadə və Ana dili” mövzularında məruzə, Təhsildə sosial-psixoloji xidmət” ixtisasının I tədris ili tələbəsi Rahib Ağaməmmədli “Bəxtiyar Vahabzadə və çağdaş ədəbiyyat” mövzusunda çıxış ediblər. Qeyd edilib ki, Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb, ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Tədbir tələbələrin ifasında Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya ilə yekunlaşıb. Qeyd edək ki, elmi seminarda fakültə tələbələrinin şair B. Vahabzadənin yaradıcılığına həsr etdikləri rəsm əsərləri nümayiş etdirilib.