Orta məktəblərdə psixoloqların fəaliyyəti hər zaman gündəmdədir. Zaman-zaman baş verən neqativ halları da birbaşa psixoloq fəaliyyəti ilə əlaqələndirənlər olur.
Məktəblərdə psixoloqların fəaliyyəti qaneedicidirmi?
Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, məktəblərdə psixoloji xidmətin təşkili və psixoloqların fəaliyyəti təhsil sisteminin ən az görünən, lakin əhəmiyyətinə görə strateji sahələrindən biridir:
“Bu xidmətin məqsədi yalnız problemli uşaqlara fərdi yardım göstərmək deyil, həm də ümumilikdə məktəb mühitində psixoloji rifahın qorunması, sosial-emosional öyrənmənin təşviqi və erkən psixoloji müdaxilə mexanizmlərinin işlək vəziyyətə gətirilməsidir. Lakin Azərbaycanda bu sahədə vəziyyət, təəssüf ki, konseptual baxımdan zəif qurulub və praktiki səviyyədə yetərsizdir.
Təhsil Nazirliyinin məlumatına əsasən, ölkədə təxminən 3500 məktəb psixoloqu fəaliyyət göstərir. Lakin onların yalnız 38%-i psixologiya üzrə ali təhsilə malikdir. Qalanları ya başqa ixtisas sahibləridir, ya da psixoloji təhsili yetərli olmayan şəxslərdir. Bu, faktiki olaraq, məktəblərdə fəaliyyət göstərən psixoloqların əksəriyyətinin peşəkar standartlara uyğun gəlmədiyini göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təyin etdiyi əməkhaqqı göstəricilərinə görə məktəb psixoloqlarının orta aylıq maaşı 400-500 manat civarındadır ki, bu da onların iş motivasiyası və peşəkar inkişaf imkanlarını məhdudlaşdırır”.
Məktəblərdə psixoloqlar üçün uyğun şəraitin olmaması onların fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır
O qeyd edib ki, qanunvericilik baxımından da vəziyyət qeyri-müəyyəndir.
“Təhsil haqqında” Qanunun 18-ci maddəsində təhsilalanların “psixoloji xidmətlə təmin olunması” dövlətin vəzifəsi kimi göstərilsə də, bu xidmətin strukturu, vəzifə bölgüsü, hesabatlılıq mexanizmləri və keyfiyyət standartları qanunvericilikdə ayrıca müəyyən edilməyib. Normativ hüquqi sənədlərdə yalnız ümumi prinsiplər əks olunub, konkret fəaliyyət mexanizmləri isə ya mövcud deyil, ya da praktikada tətbiq olunmur.
Bu səbəbdən məktəb psixoloqu çox vaxt ya inzibati funksiyaları yerinə yetirən, ya da passiv müşahidəçi statusunda qalır. Məktəblərdə psixoloqlar üçün uyğun şəraitin olmaması onların fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır. Çoxsaylı ümumtəhsil məktəblərində psixoloq üçün ayrıca otaq ayrılmır və fərdi konsultasiya üçün məxfi, sakit mühit təmin edilmir. Halbuki psixoloji dəstək etibar və məxfiliyə əsaslanmalıdır. Təəssüf ki, Azərbaycanda bir çox valideyn və şagird psixoloqun kim olduğunu belə bilmir, bu da psixoloji xidmətin cəmiyyətə inteqrasiyasının zəif olduğunu göstərir”, – deyə K.Əsədov əlavə edib.
Onun sözlərinə görə, bütün bu çatışmazlıqlara baxmayaraq, bu sahədə müəyyən müsbət təşəbbüslər də mövcuddur:
“Bəzi regionlarda psixoloqlar üçün ixtisasartırma kursları təşkil olunur, pilot layihələr çərçivəsində şagirdlərin emosional vəziyyətinə dair diaqnostik testlər həyata keçirilir. Eyni zamanda bəzi özəl məktəblərdə psixoloji xidmətlər daha sistemli və funksional şəkildə qurulub: burada psixoloq yalnız fərdi məsləhətçi yox, həm də pedaqoji heyətin üzvü, məktəb rəhbərliyinin strateji tərəfdaşı kimi fəaliyyət göstərir. Bu modellərin dövlət məktəblərinə də tətbiqi vacibdir.
Dünya təcrübəsində məktəb psixoloqu təkcə problemli hallarla məşğul olan mütəxəssis deyil, həm də tədris prosesinin ayrılmaz komponentidir. Məsələn, Finlandiyada psixoloqlar hər şagirdin sosial-emosional inkişafını ilboyu izləyir, Estoniyada isə məktəb psixoloqları tədris planlarının hazırlanmasında iştirak edərək şagirdlərin psixoloji rifahını nəzərə alır. ABŞ-da məktəb psixoloqları inklüziv təhsilin əsas dayağıdır, onların iştirakı olmadan xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil strategiyaları qəbul edilmir. Bu ölkələrdə psixoloji xidmətin keyfiyyəti şagirdlərdə intihar hallarının azalması, məktəb zorakılığının qarşısının alınması və dərsə motivasiyanın yüksəlməsi kimi konkret nəticələrlə ölçülür”.
Psixoloqların fəaliyyət dairəsi genişləndirilməlidir
“Azərbaycanda bu sahədə real dəyişiklik baş verməsi üçün ilk növbədə məktəb psixoloqlarının peşə standartları yenidən müəyyən edilməlidir. Yalnız ixtisaslı şəxslərin bu vəzifəyə təyin olunması təmin olunmalı, minimum bacarıq və bilik meyarları qanunvericiliklə tənzimlənməlidir. Hər məktəbdə psixoloq üçün məxfi və funksional iş otağı yaradılmalı, bu otaqlar psixodiaqnostik vasitələrlə təmin edilməlidir. Psixoloqların fəaliyyəti üzrə hesabatlıq sistemi rəqəmsallaşdırılmalı, şagirdlərlə keçirdikləri fərdi və qrup məşğələləri Təhsil Nazirliyinə təqdim olunan sistem vasitəsilə izlənilməlidir.
Bundan əlavə, psixoloqların fəaliyyət dairəsi genişləndirilməlidir. Onlar təkcə şagirdlərlə deyil, həm də valideynlərlə və müəllimlərlə işləməli, maarifləndirici seminarlar keçirməli, ailədaxili zorakılıq, erkən nikah, kiberzorakılıq, aqressiv davranış, sosial təcrid kimi risklərə qarşı profilaktik tədbirlər həyata keçirməlidirlər. Həmçinin onların fəaliyyətinin nəticə indikatorları müəyyənləşdirilməlidir: məsələn, şagirdlərin dərsə davamiyyəti, emosional stabilliyi, davranış pozuntularının azalma dinamikası və s.
Əgər bu islahatlar həyata keçirilərsə, məktəb psixoloqu funksional və strateji mövqeyə malik olacaq, məktəb isə təkcə bilik məkanı deyil, eyni zamanda psixoloji sağlamlığın qorunduğu təhlükəsiz mühitə çevriləcək. Bu isə həm təhsil keyfiyyətini yüksəldəcək, həm də gələcək vətəndaşların sosial-emosional rifahını təmin edəcək. Psixoloji xidmətin gücləndirilməsi, təhsilin keyfiyyətindən çox onun insani mahiyyətinin qorunması üçün atılacaq vacib addım olacaq”, – K.Əsədov yekunlaşdırıb.
Müəllimlərin özü də elementar psixoloji biliklərə sahib olmalıdırlar
Məsələ ilə bağlı təhsil eksperti Nadir İsrafilov isə Trend-ə bildirib ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psixoloji xidmətin təşkili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilib və heç də hamı tərəfindən birmənalı qarşılanmayıb:
“Bununla belə, tam əminliklə demək olmaz ki, məktəblərdə psixoloji xidmət işinin səviyyəsi ürəkaçandır. Lakin məktəblərdə baş verən hər hansı bir neqativi psixoloqun fəaliyyəti ilə əlaqələndirmək də ədalətsizlik olar. Zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən “əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçmək məcburiyyətində qalmışıq. İndi müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarının axtarışındayıq. Belə çıxır ki, məktəbdə psixoloqlar təkcə uşaqlarla yox, müəllim və valideynlərlə də işləməlidir. Halbuki müəllimlərin özü də peşəkar səviyədə olmasa belə, heç olmasa elementar psixoloji biliklərə sahib olmalıdırlar. Lakin bütün deyilənlər, heç də məktəb psixoloqunu məsuliyyətdən azad etmir.
Məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını qorumaqla onların təhsil müvəffəqiyyətinin artırılması, əsas vəzifəsi isə şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinlikləri, onların şəxsi və intellektual inkişafındakı qüsurları aradan qaldırmaqla, təlim-tərbiyə sahəsində aparılan işin səmərəliliyini yüksəltməkdə, sosial cəhətdən fəal, yüksək ideya inamına malik şəxsiyyətin formalaşdırılmasında pedaqoji kollektivə kömək göstərməkdən ibarətdir.
Başqa sözlə desək; məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Bu baxımdan məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlara ehtiyac var”.
Ekspert vurğulayıb ki, müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaq, onların məktəb təlimi şəraitinə və məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq, uşaqların ilk dövrdən təlimə hazırlığını müəyyənləşdirmək, geridə qalan və mürəkkəb davranış sərgiləyən uşaqlarla diaqnostika və korreksiya işlərini həyata keçirmək, şagirdlərin intellektual, şəxsiyyət və iradi-emosional sferasının diaqnostikasını həyata keçirmək, onların korreksiyasını aparmaq, şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur:
“Bir məqama da diqqət yetirilməlidir ki, məktəbdə psixoloji xidmətin təşkili digər təhsil xidmətləri ilə müqayisədə, nisbətən yeni sahədir. Əsasən, 90-cı illərdən etibarən ilk olaraq Bakı məktəblərini əhatə edən psixoloji xidmət sahəsi qeyri-ixtisas və ya belə desək, digər fənn müəllimlərinin qısamüddətli ixtisasartırma yolu ilə yenidən hazırlanmış kadrların ümidinə buraxılmışdı və bu mənada, onları peşəkar psixoloq hesab etmək, həmin psixoloqlardan aktiv və səmərəli fəaliyyət gözləmək sadəlövhlük olardı.
Psixoloqların müəyyən hissəsi ali təhsilli deyil, onlar yenidən hazırlanma təhsili alanlardır. Ən böyük çətinlik isə ondan ibarət olub ki, 150 şagirdi olan məktəbdə də, 2 min şagirdi olan məktəbdə də bir psixoloq işləyir. Təhsil müəssisələrində çalışan müəllim heyətinə, psixologiya elminin müasir dövrün tələbləri və yenilikləri barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları və seminarlar təşkil olunmayıb. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmayıb.
“Ümumi təhsil haqqında” Qanununun tətbiqi barədə” Prezidentin müvafiq Fərmanının 1.1.11-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar qəbul edib. 27 fevral 2020-ci il, 70 nömrəli qərara əsasən, Dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı belə müəyyən edilib: 1.1. şagird sayı 1000-dək olduqda, 1 vahid; 1.2. şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid; 1.3. şagird sayı 3000-dən çox olduqda, 3 vahid”.
Psixoloji xidmətin təşkilinə yanaşma tərzimiz dəqiqləşdirilməlidir
Ekspert qeyd edib ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur:
“Köhnədən qalma Əsasnamədə müvafiq dəyişikliklər edilməyib, psixoloqların diaqnostik qiymətləndirilməsi uzun müddət aparılmayıb. Nəhayət, xeyli sonralar Təhsil qanununda edilən dəyişikliklər və əlavələr tədricən öz nəticəsini verməyə başlayıb. Təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulmuşdu ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının “2018-ci il 12 iyun tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul etdi.
Bununla belə, Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının qəbulundan sora bu sahəyə xüsusi diqqət yetirilməsi və bu istiqamətdə müəyyən işlər görülməsinə baxmayaraq, istənilən halda ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilinə və məktəb psixoloquna baxış bucağımız və yanaşma tərzimiz bir daha dəqiqləşdirilməlidir”.
“Ümid etmək olar ki, növbəti sertifikasiyaya hazırlıq prosesi ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolunun vurğulanması, məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analiz qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə diqqətin artmasına təkan verəcək. Hələ isə reallıq budur ki, məktəblərdə psixoloq və psixoloji işin səmərəli təşkili ilə bağlı problenləryaşanmaqda davam edir”, – deyə Nadir İsrafilov qeyd edib.