Mayın 22-də Pedaqoji Universitetin (ADPU) Quba filialında “Azərbaycan Respublikasında Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “XXI əsrdə dil və ədəbiyyat: müasir yanaşmalar və perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Açılış mərasimindən əvvəl Azərbaycan və Özbəkistandan olan konfrans iştirakçılarının bir qrupu Ümummilli Lider Heydər Əliyevin Quba rayonunda yerləşən abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin ruhuna sonsuz ehtiramlarını ifadə ediblər.
İki gün davam edəcək konfransda Azərbaycanla yanaşı, digər ölkələrdən olan elm və təhsil sahəsində çalışan iyirmiyə yaxın mütəxəssis təmsil olunur. Təbriz, Ankara, İstanbul, Qlazov və Yessentuki şəhərlərində yerləşən təhsil müəssisələrindən məqalələr konfransın təşkilat komitəsinə daxil olub.
Qeyd edək ki, konfransın tərəfdaşları Fərqanə Dövlət Universiteti, Özbəkistan Respublikasının Fərqanə vilayətinin Pedaqoji Bacarıqlar Mərkəzi, V.G.Korolenko adına Qlazov Dövlət Mühəndislik və Pedaqoji Universiteti və Stavropol Dövlət Pedaqoji İnstitutunun Yessentuki filialıdır.



